Avropa Komissiyası haqlıdır: Ermənistan Metsamordan imtina etməlidir 

Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Bu barədə Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında deyilir. Qeyd olunur ki, AES-in nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsinin mümkün olmadığı üçün bu addımlara zərurət var. 

Mövzu ilə bağlı fikirlərini “Şərq”ə bölüşən siyasi-şərhçi Azər Həsrət bildirib ki, Ermənistan ağıllı siyasət yürütsə və qonşu dövlətlərlə münasibətləri normallaşdırsa Metsamor atom elektrik stansiyasına heç bir ehtiyacı qalmayacaq:

“Ermənistan elə bir coğrafiyada yerləşir ki, burada qonşu dövlətlərlə normal münasibətlər qurarsa, o zaman özünün elektrik enerjisi istehsalına ehtiyacı belə olmaz. Bir tərəfdən güclü iqtisadiyyatı olan, həqiqətən də bölgəmizdə söz sahibi olan Türkiyə var, digər tərəfdən isə Azərbaycan. Türkiyə də, Azərbaycan da əslində Ermənistanla normal münasibətlərin tərəfdarıdır. Sadəcə olaraq, Ermənistanın təcavüzkar siyasəti hər iki ölkə ilə münasibətləri pozub. Burada zərər çəkən təbii ki, Ermənistanın özüdür. Ölkə hər sahədə, o cümlədən də elektrik təchizatı ilə bağlı da zərər çəkir”. 

Siyasi-şərhçi qeyd edib ki,  Ermənistan normal şəkildə istər Azərbaycandan, istərsə də Türkiyədən elektrik ala bilər:

"Eyni zamanda öz ərazisində də alternativ elektrik istehsalı təşkil edə bilər. Bunun üçün vəsaitlər tapması çətin deyil. Yəni bütün bunları nəzərə alıb ağıllı davransa Ermənistan həm özünü, həm də bütövlükdə bölgəni Metsamor atom elektrik stansiyası kimi böyük bir təhlükədən xilas etmiş olar. Bilirsiniz ki, Metsamorda bir qəza baş verərsə, bu sadəcə olaraq Ermənistanın özünün deyil, qonşu ölkələri də təsiri altına alacaq. Azərbaycana və Türkiyəyə qismən təsir edəcəksə, Ermənistanın özünə isə onun çox dəhşətli təsiri olacaq. Çünki balaca bir ölkədir və ərazisi kiçikdir. Və orada atom elektrik stansiyasının ümumiyyətlə, mövcudluğu özü təhlükədir. O baxımdan düşünürəm ki, istər Avropa təchizatları olsun, istərsə də bu sahəyə məsul beynəlxalq qurumlar olsun Ermənistanı o elektrik stansiyasından imtinaya çağırmağa haqlıdılar. Və üstəlik də ona bir növ yol göstərmiş olurlar ki, artıq zaman dəyişib normal münasibətlər, iqtisadiyyat, o cümlədən də elektrik istehsalı qurmaq və qonşularla anlaşmağa lazımdır”.