Millət vəkili: "Mövcud sabitliyi və qələbə əhval-ruhiyyəsini pozmağa cəhdlər edilir"

"Hər birimiz ayıq-sayıq olmalı, təxribata uymamalı, dövlətimizin, ölkə başçısının yanında durmalıyıq"

"Qarabağın bütün əraziləri Azərbaycan torpağıdır".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, zamanla bütün rayonlarımız bizim nəzarətimizdə olacaq:

"Beynəlxalq hüquq və bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Düşmən üzərində böyük qələbə qazanmışıq və Ermənistanı acı məğlubiyyətə uğratmışıq. Bir çox rayonlarımız işğaldan azad olunub və üçtərəfli anışlaşma imzalanıb. Proses davam etməkdədir. İndi əsas qayəmiz işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi və orada quruculuq, təmir-bərpa işlərinin aparılmasıdır. Qarşıda görüləsi xeyli iş var. Paralel olaraq Ermənistanın işğal etdiyi ərazilərimizdə illərlə törətdiyi vandalizm hərəkətlərini, dağıntıları da aktlaşdırılmalı, düşmənə təzminat davası açılmalıdır. Bütün məsələlər yoluna qoyulacaq. Biraz səbrli və təmkinli olaq, fikrimizi yayındırmayaq. Növbəti mərhələlərdə digər məsələlərə də baxılacaq və müvafiq qərar veriləcək. Bu müddət ərzində əsas məqsədimizdən yayınmamalıyıq".

Parlament üzvü vurğulayıb ki, mövcud sabitliyi və qələbə əhval-ruhiyyəsini pozmağa cəhdlər edilir:

"Birliyə, həmrəyliyə xələl gətirən hərəkətlərə rəvac verməməliyik. Biz qalib dövlətin, zəfər çalmış bir millətin fərdləriyik. Tariximizin ən şanlı, şərəfli, qürurlu günlərini yaşayırıq. Qələbəyə kölgə salmamalı, dövləti dəstəkləməliyik. Unutmayaq ki, ermənilər də ciddi-cəhdlə Azərbaycan xalqının qələbə sevinci yaşamamasına çalşırlar. Ona görə də hər birimiz ayıq-sayıq olmalı, təxribata uymamalı, dövlətimizin, ölkə başçısının yanında durmalıyıq".