Təzada son! - “Ruslar Araiki Azərbaycan qanunlarına təslim etsin”

“Ərazidəki sülhməramlı missiyaya uyğun olmayan ağır zirehli texnikalarını geri çəksin”

“Təlim keçirmək absurdluğuna son versin, separatist qüvvələr tərk-silah edilsin”

“Ermənistan ordusu ərazidən çıxarılsın, daxili arenasında olan və israrla Azərbaycanı haqsız tərəf kimi göstərən rəsmi və media orqanlarını susdursun”

Çünki sülh belə yaradılır. Əks halda görünür ki, yeni münaqişələrə hazırlıq gedir” 

Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti artıq hər kəsə məlumdur. Ayrı-ayrı məqamlar həmin hərbçilərin tərəf tutduğunu göstərir. Əvvəlcə Ermənistan baş naziri Nikol Paşinyanın “münaqişə hələ bitməyib” bəyənatı, ardınca isə İrandan Ənzəli limanı vasitəsilə işğalçı ölkəyə silahların daşınması barədə məlumat haqlı şübhələri daha da artırır. Doğrudanmı, rus sülhməramlıları Ermənistan hərbi-siyasi hakimiyyəti üçün güvənc yerinə çevrilib. 
Bu barədə “Sherg.az”a danışan hərbi-siyasi ekspert Həşim Səhrablının fikrincə, rus hərbçilərinin Qarabağdakı bu fəaliyyəti hüquqi cəhətdən absurddur: 
“Qarabağda sülhməramlı missiya indi, yəni torpağın sahibi ölkə anti-terror əməliyyatına başladığı zaman deyil, torpağın sahibi olmayan, işğalçılıq siyasəti həyata keçirən Ermənistan terror törədəndə təşkil edilməli idi. Bir şəxs belə insan hüquqları prizmasını qabardıb, bölgədə yaşayan erməniləri qorumaq və s. kimi absurd düşüncələrə qapılmasın. Bölgədəki ermənilər problemi niyə absurddur? Birincisi, bölgədə erməni etnik yaşamı son yüzillərin məhsuludur və bu, birbaşa kənar qüvvələrin diqtəsi ilə həyata keçirilib. Onlar bölgənin sahibi etnik deyil, bölgədə yaşayan və ölkənin vətəndaşı statusu daşıyan fərdlərdirlər.



Necə ki, ermənilər həmin son yüzilliklərdə, ABŞ, Rusiya, Fransa kimi ölkələrdə də vətəndaş olaraq yaşamağa başlayıb. İkincisi, Qarabağda ermənilərin yaşaması heç də onların istədiyi zaman dövlət təhlükəsizliyi əleyhinə cinayətlər edib, separatizm yaratmaları anlamına gəlmir. Hələ ki, bu separatizmi aşkaranə şəkildə dəstəkləmək, Fransa, Rusiya və s. kimi ölkələrə heç yaraşmır.

Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərin də dediyi kimi, əgər ermənilər üçün status məsələsinə bu qədər istəklisiniz, erməni xalqını düşünürsünüzsə, o zaman öz şəhərlərinizdə yüzillərdir, onillərdir kompakt halda yaşayan ermənilərə status verin, məsələ də bitsin. Buna Fransa razı oldu? Bəlkə, Rusiya razı olacaq? Xatırladım ki, hər iki ölkə öz tərkibində tarixi dövlətçiliyi olmuş xalqları işğal edərək imperiya qurublar. Hələ də, o imperiyalarını demokratik bəzək verərək qoruyurlar”.

 H.Səhrabı məsələnin tarixi köklərinə də toxunub: 

“Əsas mətləbə gəlincə, oradan başlamaq olar ki, Qarabağ həm tarixən, həm hüquqən Azərbaycanın ayrılmaz hissəsi və əsas iqtisadi-siyasi regionudur. Beynəlxaq hüquq müstəvisində də ərazi Azərbaycanın suveren tərkib hissəsi kimi qəbul olunub. Həmçinin Zəngəzur və Göyçə mahallarının hüququ sahibliyi məsələsini qabardaraq, burada Azərbaycanın hüquqlarını bərpa etmək olar. Belə ki, həm Azərbaycan, həm də Ermənistan dövlətləri 1918-ci ildə müstəqilliyini elan etmiş Cümhuriyyətlərin varisidir. 1918-ci il Paris sülh müqaviləsi və digər beynəlxalq sənədlərdə isə, Zəngəzur və Göyçə birbaşa Azərbaycanın suveren ərazi bütövlüyü içində tamamlanıb. 

Ərazi iddiaları məsələsi ilə bərabər, Rusiyanın bölgədəki “artıqlığı” da müzakirə olunmalıdır. Çünki Rusiya özü imperiyadır və bunu Federativ Respublika adı ilə pərdələməkdədir. Dünyanın bütün ölkələrinə bəllidir ki, Rusiyanı formalaşdıran bütün federativ respublikaların çoxu işğal və silah gücünə saxlanılır.

Məsələn, götürək elə 1918-ci il, 11 Mayda müstəqilliyini elan etmiş Şimali Qafqaz, yəni Dağlılar Respublikası. Bu Respublika məhz ruslar tərəfindən istila edilərək Rusiyanın hazırki ərazi vahidinə qatılmışdır. Həmin Respublikanı formalaşdıran xalqlardan biri olan Çeçenistanın 1990-cı illərdəki müstəqillik mübarizəsi və çeçen xalqının yaşadığı zülmləri bilmək kifayət edir ki, Rusiyanın insan hüquqları və xalqların müqəddəratı məsələsinə hansı dərəcədə radikal olduğunu görək. Qeyd edim ki, həmin Respublikanın 1919-cu il qərarında nəzərdə tuulub ki, Dağıstan Azərbaycan Xalq Cumhuriyyətinin tərkibinə verilir.

Bu barədə qərarı 16 Aprel tarixində Şimali Qafqaz Respublikasının rəhbəri Pşemaxo Kosyev imzalayıb. Qərar 18 May tarixinədək qüvvədə olub. Yalnız Denikin işğalı nəticəsində Şimali Qafqaz Respublikasının müstəqilliyinə son verilib.

Bəli, Rusiya belə işğallarla qurulmuş bir dövlətdir. Rusiya hazırda Qarabağda sülhməramlı missiya həyata keçirir. Təzad ondan ibarətdir ki, öz daxilində xalqlara, insan hüquqlarına hörmət edə bilməyən bir diktator ölkəsi, Qarabağ kimi fərqli iki ölkə arasındakı münaqişədə sülh yarada bilərmi? Yoxsa sülh adı altında yenidən qan axıtmaq planları işlənirmi?”.

 Eskpert, həmçinin rus sülhməramlılarının öz səlahiyyətlərindən kənara çıxması ilə bağlı faktları sadalayıb:

 “Belə planların hazırlandığını Rusiyanın Qarabağda terror birləşməsinin başçısı, separatçı lider və özünü “müstəqil ölkə prezidenti” kimi qələmə verən Araik Arutyunyanı israrla mübahisə tərəfi kimi masada qarşılamaq və hələ də Azərbaycana təhvil verməməsi kimi hallarla əsaslandırmaq mümkündür. Digər tərəfdən, Rusiyaya məxsus 366-cı motoatıcı alayın Azərbaycana qarşı mümkün addımlar atdığı da məlumdur.

Bu elə bir haldır ki, özlüyündə bir sübut mahiyyəti daşıyır. İsbat edir ki, Rusiya Qarabağ məsələsində özünü varisi saydığı SSRİ-nin siyasətini davam etdirərək, ermənipərəst addımlar atıb, atmaqda davam edəcək.

Yeri gəlmişkən, Qarabağ problemini başladan tərəf SSRİ-dir. İlk dəfə buraya muxtar status verərək, bundan əvvəl və sonra Azərbaycanın bir çox ərazilərini qonşularına güzəştə gedərək, Azərbaycan xalqının hüquqlarını, Azərbaycan dövlətinin suverenliyini bölən də məhz SSRİ-dir.

Onun hüquqi-siyasi varisi isə, müasir Rusiya dövlətidir. Sülhməramlı missiya isə, qərəzsiz tərəfə əmanət edilir. Belə bir məqamda anlamaq olur ki, Rusiyanın Qarabağdakı missiyası sülh deyil, öz mənafeləri istiqamətində işğalı uzatmaq cəhdidir. Həmçinin sülhməramlı missiyaları BMT planlaşdırır, hüququ mexanizm onun prinsip və şərtləri əsasında qurulur. Ona görə ki, hər üç ölkə - Azərbaycan, Ermənistan, Rusiya BMT-yə üzv ölkələrdir və onun şərtlərinə riayət etmək kimi bir öhdəlik daşıyırlar.

Rusiya isə, BMT-ni gözləmədən Qarabağa “ordu yeritdi” və bunun adını “sülhməramlı missiya” qoydu. Bunlarla kifayətlənməyən Rusiya, 30 illik işğal ərzində, elə indi də Qarabağa Azərbaycan tərəfdən bir vətəndaşı belə geri qaytarmağa maraqlı deyilkən, qısa müddət ərzində 50 mindən çox ermənini Xankəndiyə geri gətirib. Qərəz ortadadır. Adama deyərlər ki, 30 ildir harada idin?! Rusiya Qarabağda fövqəladə işlərlə məşğuldur. Rusiya Qarabağda məhkəmə, inzibati, sosial işlərlə məşğuldur. Bunlara nə ehtiyac var? Ərazidə sülhyaratma missiyasından başqa bir səlahiyyəti olmayan Rusiya, Qarabağda Moskvadaymış kimi davranır. Alt niyyətlər özünü bir daha qabardır”.

 Onun sözlərinə görə, növbəti müharibənin başlanması istisna deyil:

“Ən əsası, əraziyə Rusiyaya məxsus ağır zirehli texnikaların daşınması da absurddur. Çünki ağır zirehli texnikalar əsasən müharibəyə hazırlıq işləri görülən ərazilərə daşınır. Məgər Qarabağda müharibəyə hazırlaşılır, yoxsa orada sülhə təkan vermək lazım idi?

Son günlərdə isə, Rusiya Qarabağda təlimlər həyata keçirirdi. Təbii atılan bütün addımlar müharibənin hazırlıq işləri görüntüsünü verir. Azərbaycan xalqının narahat olması üçün əsaslı səbəblər var və bu səbəbləri birbaşa Rusiya doğub.

Sadalanan reallıq və faktlardan sonra Qarabağda Rusiya özbaşınalığının hökm sürməsi, məncə, heç kəsə sirr deyil. Bu özbaşınalıq çox rahat şəkildə təcavüzə çevrilə bilər.

Hər kəs Rusiyanı tanıyır, təcavüzkarlığına da bələddir. Belə riskli bir “yırtıcını” sülhməramlı adı ilə Qarabağda saxlamaq gələcək illər, ya da aylar üçün pis nəticələrə gətirib çıxaracaq. Hüquq və güc bizim tərəfimizdədir.

Gec olmadan belə bir absurdluğa – Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına son verilməlidir. Bunu əsaslandıracaq çox sayda hüquqi faklarımız da var. Əksini iddia etmək mümkündür.

Ancaq bunun üçün Rusiya gərək ki, üzərinə düşən addımları atsın: Qarabağda ərazi-inzibati, siyasi, iqtisadi, fövqəladə işlərə müdaxilə etməsin, Araiki israrla masada qarşılamaq yerinə, onu Azərbaycan qanunlarına təslim etsin. Ərazidəki sülhməramlı missiyaya uyğun olmayan ağır zirehli texnikalarını geri çəksin. Təlim keçirmək absurdluğuna son versin, separatist qüvvələr tərk-silah edilsin.

Ermənistan ordusu ərazidən çıxarılsın, daxili arenasında olan və israrla Azərbaycanı haqsız tərəf kimi göstərən rəsmi və media orqanlarını susdursun. Çünki sülh belə yaradılır.

Əks halda yeni münaqişələrə hazırlıq olur. Bütün bu addımların atılmaması isə, Rusiyanın Qarabağa gəlişinin təcavüz və anti-Azərbaycan siyasətinin yeni bir parçası olmasının sübutudur”.