Kəşfiyyatçı-qazi: “Öldürməyə getmişdik, qanı qanla yuyurduq” 


“Bir dəfə düşmənin mühasirəsinə düşdük. Orada heç nədən qorxmurduq, sadəcə, əsir düşmək istəmirdik”

“ “F1” əl qumbarasını hazırladıq ki, əsir düşməkdənsə, özümüzü partladıb, kişi kimi ölək”

“Elə həmin an rabitə əlaqəsi yaradıldı. Canlı qüvvə girib bizi düşmən arxasından çıxardı”

“Ağstafadan Rəhman İsmayılov adlı dostum vardı, Şəhid olmazdan öncə mənə demişdi ki, şəhid olsam, uşağım kukla istəyib, onu alıb verərsən”

“Ayaqlarım qırıldı, kliniki ölüm keçirdim"

"Kliniki ölüm keçirdiyim üçün hospitala şəhid adı ilə aparılmışdım. Morqa aparanda yarı yolda xırıldadığım üçün sağ olduğumu biliblər”

“Qələbə xəbərini eşidəndən sonra şəhid analarını ziyarət etdim”


İnsanı dəyərli edən onun ətrafına nə qədər faydalı ola bilməsidir. Adi insanlar ya elm-incəsənət adamı olub böyük bir kütləyə xitab edə, ya da çevrəsindəki şəxslərə faydalı ola bilirlər. Ancaq hərbçilərimiz, igid oğullarımız var ki, onlar Vətənimizin bütövlüyü uğrunda canlarından keçməyə hazırdırlar. Bunun  üçün döyüşlərdə böyük rəşadət və igidlik göstərərək, şəhidlik, qazilik kimi ən ali zirvəyə ucalırlar.



Vətən müharibəsində qələbəmizdə payı olduğu üçün qürurlanan, böyük şücaət göstərən qəhrəmanlarımızdan biri qazi Qurbanov Sahib Həsənəli oğludur.

“Sherg.az” qəhrəman qazi ilə müsahibəni təqdim edir:

-Özünüz haqqında qısa məlumat verməyinizi istərdik...

-1997-ci il sentyabrın 27-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşam. Hazırda kənddə ailəmlə birlikdə yaşayıram. Ailədə 2 bacı, 1 qardaşıq. 2 qardaşım da var idi. Onlar rəhmətə gediblər. Evin tək oğlu və ən kiçiyi mənəm. 2015-2017-ci illərdə kəşfiyyatçı kimi hərbi xidmət keçmişəm.

-Döyüşlərə könüllü qatıldınız?

-Bəli, 44 günlük müharibəyə könüllü olaraq qatılmışam. Müharibəyə yola düşməzdən öncə avtomobil qəzasına düşmüşdüm. Qabırğam sınmış, budum çatlamışdı. Vəziyyətim yaxşılaşsa da, çəliklə gəzirdim. 2020-ci il sentyabrın 21-dən dostlarımı səfərbəyliyə çağırırdılar, amma mənə zəng gəlmirdi. Maşın tutub  Hərbi komissarlığa yollandım. Gedən kimi məni çəliklə görüb “buyurun, əyləşin” deyib yer göstərdilər. Dedim: “Əyləşmirəm, yaxşıyam, mənim də adımı könüllülər sırasına yazın, cəbhəyə gedirəm”. Hərbi biletimə baxıb gördülər ki, kəşfiyyatçıyam. Bildirdilər ki, sizi qəbul edərdik, lakin qəza keçirmisiniz. Gedin həkimdən kağız alın ki, yaralısınız. Həmin gün məni qəbul etmədilər. Evə üzgün halda qayıtdım. Evdəkilər nə olduğunu soruşanda heç nə demədim.

Sentyabrın 23-də bir də getdim. Yenə qəbul etmədilər. Sentyabrın 25-i bir daha ora üz tutdum. Dedim ki, mən aidiyyəti orqanlara müraciət edib, şikayət edəcəyəm. Bu sözlərimdən sonra kənd icra nümayəndəmiz arxamda dayandı. Söylədi ki, bu istək ki, sənin ürəyindən keçir, sənə dəstək verəcəm. Sağ olsun dəstək göstərdi. Adımı könüllülər sırasına yazdırdım. Sentyabrın 27-də ad günüm oldu, 28-i günü Hərbi Komissarlığa çağırdılar.

-Ailəniz könüllü olaraq yazılmanızı necə qarşıladı?

- Əvvəlcə bilmirdilər. Sentyabrın 25-i evdə dedim ki, adımı könüllü yazdırmışam. Heç kim inanmadı, dedilər ki, qəzadan təzə çıxmısan, səni çağırmazlar. Sonra da təsəlli verdilər: “Biz də istəyərik döyüşlərə getməyini, lakin yaralısan, özünə gəl, sonra yollanarsan”.
Sentyabrın 28-i saat 11-12 arası idi, o vaxtı zəng gələndə valideynlərim inandılar ki, könüllü yazılmışam. Özləri məni maşına qoyub apardılar. Evdəkilərlə görüşdüm, dedim ki, haqqınızı halal edin, ora ölməyə yox, öldürməyə gedirəm. Heç kəs məndən nigaran olmasın, tez-tez əlaqə saxlayacam. Qucaqlaşdım, görüşdüm. Dostlarım da məni yola saldılar.

-Hansı bölgələrdə döyüşdünüz?

- Füzuli, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak etdim.

-Bir az da yaralanmağınızdan danışaq...

-Oktyabrın 19-na keçən gecə Cəbrayıl istiqamətində gedən döyüşdə yaralandım. Kəşfiyyatçı olaraq fəaliyyət göstərirdim. Qubadlıdan-düşmən arxasına keçiddən gəlirdik. Neytral zonada öncə bizi top atəşinə tutdular. Yanımıza mərmi düşdü, həmin mərminin dalğası məni qırağa atdı, qayaya dəyib yerə düşdüm. Həmin an huşumu itirmişdim. Yoldaşlarım da halsız vəziyyətdə yorğun idilər. İki gün düşmən arxasında kəşfiyyat aparmışdıq.
Öz tərəfimizə halsız vəziyyətdə çatanda əsgər yoldaşlarım məni yerə uzatdılar, özləri də uzandılar. Həmin vaxt düşmən yenə bizim olduğumuz yeri vurdu. Ayaqlarım qırıldı, kliniki ölüm keçirdim. Döyüş yoldaşlarımdan 6 nəfər də şəhid oldu. Huşumu itirmişdim. Əsgər yoldaşlarım məni tibb maşınına qoyaraq, döyüş bölgəsindən çıxarıblar. Komada idim, sonradan özümə gəldim. Oyananda qolumda sistem, ağzımda hava balonu var idi.

-İndi vəziyyətiniz necədir?

- Hazırda əsəblərim yerində deyil, yaralarım incidir. Yeridikcə elə bil ki, ayağıma bıçaq batır. Ayağımı yerə basan kimi ağrılar verir, həm də getdikcə çoxalır. Amma Allaha şükürlər olsun ki, yataq xəstəsi deyiləm.

-Ölüm-dirim savaşında olarkən ağlınıza kimlər, nələr gəlirdi?

- O anlarda iki şey haqda düşünürdüm. Biri şəhidlik idi. Fikirləşirdim ki, anam, atam məni bağışlayar. Bir də düşünürdüm ki, nə yaxşı subayam. Arxada buraxdığım körpəm yoxdu. Digər bir şeyə görə sevinirdim ki, cəbhəboyu irəliləyirik. Arxaya çəkilmədən, ancaq önə gedirdik. Ona sevinirdim ki, 30 illik həsrətə son qoyuruq. Qanı qan ilə yuyurduq.

-Ailənizlə mütəmadi olaraq əlaqə saxlaya bilirdiniz?

- Çox vaxt telefon şəbəkəsi tutmurdu, əlaqə yaratmaq çətin olurdu. Bəzi yüksəkliklərə çıxanda şəbəkə tuturdu. Ona sevinirdik ki, ən azından ailəmizin səsini eşidə bilirik. Önə gedərkən danışanda anam harada olduğumu soruşurdu, arxadayam deyirdim. Ailəmə ön cəbhədə olduğumu bildirmirdim. Anamın səsini eşidəndə gözümdən yaş süzülürdü. Əlaqə yaratmayanda narahat olurdum ki, səslərini eşitmədim. Şəhidlik şərəfli zirvə olsa belə, döyüşə ölməyə yox, öldürməyə getmişdim. Ölümə can atmırdım.

-Unuda bilmədiyiniz hansı anları deyə bilərsiz?

- Döyüş zamanı çox hadisələr oldu. Bir dəfə düşmənin mühasirəsinə düşdük. Orada heç nədən qorxmurduq, sadəcə, əsir düşmək istəmirdik.
Mühasirəyə düşdüyümüz an nə qədər ratsiya əlaqəsi yaratmaq istəsək də, alınmadı. Son anımız idi. Əsir düşməmək üçün özümüzü ölümə hazırlayırdıq. Kəlmeyi-şəhadətimizi oxuyub, F1 əl qumbarasını hazırladıq ki, əsir düşməkdənsə, özümüzü partladıb, kişi kimi ölək. Elə həmin an rabitə əlaqəsi yaradıldı. Canlı qüvvə girib bizi düşmən arxasından çıxardı.

Bir gün ehtiyat dəstəsində olanlara ərzaq aparırdıq, yanımıza mərmi düşdü. Mərmi qəlpələri yanımdakı əsgərin hər iki ayağını qopardı. O, qucağımda şəhid oldu...

Ən yaxın olduğum döyüş yoldaşım var idi - İsmayılov Rəhman, Ağstafa rayonundan idi. Şəhid olmazdan öncə mənə demişdi ki, şəhid olsam, uşağım kukla istəyib, onu alıb verərsən. Mən də ona cavab verdim ki, bizə heç nə olmayacaq. Sağ-salamat geri dönəcəyik. Bir-birimizi qucaqlayıb ağladıq. Mən yaralandım, ona heç nə olmadı. Aradan 5-6 gün keçdi. Artıq hospitalda idim. Eşitdim ki, Rəhman şəhid olub.

Qorxaq olsaydıq, döyüşə könüllü getməzdik. Hər dəfə soruşulanda ki, kəşfiyyatçılardan kim könüllü olaraq düşmən arxasına keçmək istəyir, həmin an irəli atılırıdm ki, mən. Həmişə döyüşə hazır olmuşuq. Döyüş yoldaşlarımla birlikdə heç bir tapşırıqdan geri qalmırdıq.

-Yaralandıqdan sonra ailənizlə ilk görüşünüz necə oldu?

-Kliniki ölüm keçirdiyim üçün hospitala şəhid adı ilə aparılmışdım. Morqa aparanda yarı yolda xırıldadığım üçün sağ olduğumu biliblər. Tez qolumdan sistem asıblar. Füzulidəki 214 nömrəli hospitala apardılar. Özümə gəldikdən sonra tibb bacısı dedi ki, telefonuna zəng gəlmişdi, qohumlarına şəhid olduğunu dedik. Tez əlaqə saxla de ki, narahat olmasınlar. Anamla danışdım, yaxşı olduğumu dedim. Sadəcə böyrəyimdə ağrı olduğunu söylədim. Gördüm ki, onların da olanlardan xəbərləri yoxdur. Ona görə də yavaş-yavaş həqiqəti dedim. Yanıma gəlmək istədilər, lakin qoymadım. İstəmədim məni elə vəziyyətdə görsünlər. Sonra Beyləqana təxliyə olundum, oradan da Şəmkirə gəldim. Dayım oğlu Rahib, dayım Namiq və Cavanşir məni Şəmkirdən götürdülər. Evdəkilərin xəbəri yox idi. Onsuz da anamın ürəyi parça-parça idi. İstədim ki, ona sürpriz edib parçalanmış ürəyini yığım. Hamı məni görəndə şoka düşdü. Anam qucaqladı ağladı, atam və bacılarım da həmçinin... 

-Müharibə həyatınızda nələri dəyişdi?

- Həyatımda çox şeyi dəyişdi. Bilmədiyim şeyləri başa düşdüm. Vətəni sevirdimsə, daha da çox sevdim. Döyüşlər yenə başlasa, bu halda belə getməyə hazıram.

-Qələbə xəbərini eşidərkən hansı hissləri keçirdiniz?

- Qələbə xəbərini eşidəndə xəstəxanadan çıxmışdım. Həmin gecə yatmamışdım. Hospitalda yaralı dostlarım var idi, onlarla danışırdım. Birdən xəbər gəldi ki, gözün aydın, Qarabağ alındı!. Həmin an evdəkiləri oyatdım ki, televizoru açsınlar. O gün səhərə qədər yatmadım. Elə bil həmin an mənə dünyaları bəxş etdilər. Həmin günümü şəhid analarına həsr etdim. Gedib şəhid analarını ziyarət etdim.

Söhbətləşdi: Yeganə Bayramova