Bu məsələ realdır ! – “Naxçıvanla quru sərhəd açılır”

“Yaradılan işçi qrup müvafiq məsələləri müzakirə etməkdədir”

“Azərbaycan, Türkiyə və Rusiya bu quru sərhədin açılmasını istəyir. Deməli, məsələ müsbət nəticəsini tapacaq” 

“Qazağın kəndlərinin də yaxın vaxtlarda qaytarılacağını düşünürəm” 


Ermənistan hərbi-siyasi hakimiyyətinin son vaxtlardakı ritorikasından baş açmaq mümkün deyil. Bir tərəfdən konstruktiv, digər tərəfdən isə destruktiv mövqe sərgiləyirlər. Ola bilsin, heç özləri də nə etdiklərin bilmirlər. Amma məsələ ondan ibarətdir ki, bu cür qeyri-adekvat davranışlar çoxlarında sual yaradır- rəsmi İrəvan nə istəyir: Hərb, yoxsa sülh? Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə düşmənin son addımları barədə “Sherg.az”ın suallarını cavablandırıb:

-Emənilər artıq Kərkini boşaldırlar. Sizcə, bu nəyə işarədir?

-Onların başqa yolu yoxdur. Düşmən mütləq bəyanatın şərtlərinə əməl etməlidir. Əks halda özünü böyük təhdid altında qoymuş olar. Çünki sabitliyə görə həm də Rusiya məsuliyyət daşıyır. Yəni Ermənistanın hansısa “şıltaqlığı”nı Kreml də yaxşı qarşılamaya bilər. Deməli, Ermənistan üçün yeganə çıxış yolu, nəhayət, qonşuluq münasibətlərinə başlamaqdır. 

-Qazağın yeddi kəndinin taleyi ilə bağlı nə düşünürsünüz?

-Sazişdə bu məsələnin həlli də nəzərdə tutulub. Kəndlərimizin yaxın vaxtlarda qaytarılacağını düşünürəm. 

-Bəs Naxçıvanla quru sərhədin açılması?

-Bu məsələ də realdır. Yaradılan işçi qrup müvafiq məsələləri müzakirə etməkdədir. Həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya Naxçıvanla quru sərhədin açılmasını istəyir. Deməli, məsələ müsbət nəticəsini tapacaq. 

-Qazaxda təxribatın törədilməsi Kərkinin qaytarılması addımına nə qədər adekvatdır?

-Düşmən ölkədə xaotik vəziyyət hökm sürür. Orada müəyyən revanşist qüvvələr var. Ola bilsin, təxribatı törədən hakim qüvvə yox, məhz qisasçılardır. 

-Deməli, növbəti müharibə də istisna deyil?

-Düzdür, yeni savaşın başlanmasında maraqlı qüvvələr var. Amma çox deyil. Revanşist qüvvələr özlərinə lazımi qədər tərəfdar tapa bilmirlər. Üstəgəl, Ermənistanın yeni müharibəyə başlamaq üçün taqəti qalmayıb.