Kreml Qarabağda möhkəmlənir: “Türklər Laçın dəhlizinə də nəzarət etsin"

“Görünür, beş il sonra çıxmaq fikri yoxdur”

“Qarabağın Abxaziya və Osetiyaya çevrilməsinə imkan verə bilmərik”

“Ruslar ancaq təzyiq dilində başa düşürlər. Etirazımızı bildirməsək, güzəşt etsək, bunun fəsadlarını görəcəyik”


Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə humanitar yüklərin daşınmasını təmin edir. Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.  Məlumatda qeyd olunur ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün humanitar yardım mərkəzinin “KamAZ” markalı 20 hərbi avtomobili və onları müşayiət edən beş avtomobildən ibarət kolon Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı göndərib.


Kolonun marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Məlumatda yardımların çatdırılmasının Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirildiyi bildirir. Lakin bu, Ermənistan Müdafiə Nazirliyinin tirajladığı informasiyadır. Kim qarant verə bilər ki, humanitar yardım adı altında silahlar daşınmır? Üstəgəl, Ermənistanın keçmiş prezidenti Köçəryanın revanşist açıqlamaları şübhələri daha da artırır.



 “Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə “Sherg.az”a danışarkən rəsmi Bakının adekvat cavab verməsinin zəruriliyindən söz açdı: 

“Ruslar şərtləri ilə razılaşmaq üçün bizi fakt qarşısında qoymaq istəyirlər. Qondarma rejimin “prezidenti” Araik Arutunyan da artıq müstəqillikdən danışır. Kreml isə oradakı mövqeyini möhkəmləndirir. Görünür, beş il sonra çıxmaq fikri yoxdur.

Biz Qarabağın Abxaziya və Osetiyaya çevrilməsinə imkan verə bilmərik. Bunun üçün Monitorinq Mərkəzindəki türk hərbçiləri də Laçın dəhlizinə nəzarət etməlidirlər.

Eyni zamanda  Qarabağda öz yuridiksiyamızı təmin etməliyik. Ruslar ancaq təzyiq dilində başa düşürlər. Etirazımızı bildirməsək, güzəşt etsək, bunun fəsadlarını görəcəyik”.

 Ə.Məmmədli, həmçinin növbəti savaşa dair fikirlərini də bölüşdü:

“Köçəryanın hakimiyyətə gəlməsi ağlabatan deyil. Birincisi, heç rəsmi Moskvada da bunu istəmir. İkinci bir tərəfdən isə Ermənistan erməniləri Qarabağ ermənilərinə nifrət edirlər. Hətta məğlub Paşinyanın indiyədək hakimiyyətdə qalması heç də təsadüfi deyil.

Odur ki, Köçəryan nəinki seçki, hətta hərbi çevriliş yolu ilə də hakimiyyətə gələ bilməz. Savaşın bərpa olunması üçün Ermənistanın hərbi gücü qalmayıb. Düşməni silahlandırmaq üçün isə Rusiyanın iqtisadiyyatı o qədər yaxşı vəziyyətdə deyil.
Lakin Kreml orada güclənərək bizi şantaj də bilər. Buna əsla yol verməməliyik. Ona görə rəsmi Bakı öz narazı mövqeyini göstərməlidir”.