Azərbaycan çox çalışır: “Kərki də qaytarılmalıdır”

“Ermənistanın içərisinə qoyulmuş bir mina xarakteri daşıyır”

“Ermənistanın İranla əsas nəqliyyat dəhlizi hesab olunan M10 quru yolu birbaşa həmin kəndin içərisindən keçir”

“Kərkinin Azərbaycana qaytarılması bütövlükdə İran-Ermənistan təchizat yolunun ölkəmizin əlinə keçməsi deməkdir”



Ermənistan mediası Naxçıvan Muxtar Respublikasının Sədərk rayonunu işğal altındakı Kərki kəndinin Azərbaycana qaytarılması barədə yazır. “Joğovurd” qəzetinin məlumatına əsasən Paşinyanın Ararat vilayətinə səfəri bu barədə söz-söhbətləri daha da aktivləşdirib. Ararat vilayətinin qubernatoru Razmik Tevonyan və Ararat alayının komandiri ilə bağlı qapılar arxasında görüşən Paşinyanın Kərki (ermənicə Tiqranaşen) kəndinin və Azərbaycanın işağal olunmuş digər anklavlarının qaytarılmasını müzakirə etdiyi bildirilir. Yayılan xəbərlərə aydınlıq gətirmək üçün “Joğovurd” qəzeti Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyanla əlaqə saxlayıb:

“Biz müzakirə olunan bütün məsələlər barədə açıqlama vermişik. Təbii ki, biz situasiyanı lakonik təqdim etdik, amma əlavə etməyə də heç nə yoxdur. Baş nazir kəndlərin azad olunması barədə göstəriş verməyib”.



Mövcud prosesləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis  Əziz Əlibəyli Kərki kəndinin strateji əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, prinsip etibarı ilə 10 noyabr razılaşmasına əsasən Kərki də qaytarılmalıdır:

“Çünki Kərki kəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləri çərçivəsindədir. Artıq Azərbaycanla-Ermənistan arasında sərhəd xətlərinin demarkasiya prosesi həyata keçirilir. Bu, başa çatmaq üzrədir. Yalnız bir neçə anklav kənd və Qarabağa aid olmayan ərazilərdə işğal edilmiş müəyyən torpaq sahələri qalıb. Onlardan biri də Kərki kəndidir. Kəndin qaytarılması ilə bağlı proseslər davam etdirilir. Lakin bütün bunlar kifayət qədər ciddi bir məsələdir”.

Ə.Əlibəyli qeyd edib ki, Qazağın kəndləri ilə müqayisə etsək, Kərki ermənilər üçün daha əhəmiyyətli bir ərazi hesab olunur:

“Çünki bölgənin özü anklav təşkil etməklə, həm də Ermənistanın içərisinə qoyulmuş bir mina xarakteri daşıyır. Ermənistanın İranla əsas nəqliyyat dəhlizi hesab olunan M10 quru yolu birbaşa həmin kəndin içərisindən keçir. Kərkinin Azərbaycana qaytarılması bütövlükdə İran-Ermənistan təchizat yolunun ölkəmizin əlinə keçməsi deməkdir”.

Mütəxəssis qeyd edib ki, Azərbaycan yalnız Kərki kəndini qaytarmaqla kifayətlənməyəcək:

“Eyni zamanda bu kəndin təhlükəsizliyini təmin etmək lazımdır. Ona görə də gərək Azərbaycan mütləq şəkildə ora hərbi kontingent də yerləşdirsin. Bu, Ermənistanın içərisində Azərbaycan bazasının olması anlamına gəlir.

Kərki digər kəndlərdən fərqli olaraq Azərbaycanla sərhədə o qədər yaxın ərazi sayılmır. Naxçıvanla Azərbaycanın cənub rayonları Ermənistanla İranın tən ortasında yerləşmiş bir ərazi vahididir. Bu baxımdan Azərbaycan Kərkinin qaytarılması üçün çox çalışır.

Söhbət strateji bir yerdən gedir. Çünki Ermənistanın daxili ərazisinə nüfuz etməklə müəyyən təhlükəsizlik məsələləri də həllini tapacaq”.