“Vətən savaşında Böyük Britaniya obyektiv münasibət göstərdi” 

Böyük Britaniyanın xarici işlər və inkişaf naziri Vendi Morton Azərbaycanda rəsmi səfərdədir. O, Azərbaycan Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyini söyləyib. Bu barədə nazir özünün Twitter səhifəsində yazıb: “Salam, Bakı, Azərbaycan. Azərbaycana səfər edən ilk İngiltərə xarici işlər və inkişaf naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək, onların iş və siyasətdə daha çox imkanlara sahib olmaları və zorakılıqdan qorunmaları istiqamətində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından işləyəcəm”.

 Vendi Mortonun bu sözləri ölkələr arasındakı münasibətlərin inkişafının növbəti göstəricisidir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov bu haqda “Sherg.az”a danışarkən əlaqələrimizin perspektivlərindən söz açıb: 

“Bizim əlaqələrimiz həmişə yaxşı olub. Bu əlaqələr təkcə Azərbaycan- Avropa deyil, eləcə də Azərbaycan-dünya səviyyəsində təhlil edilməlidir. Qarabağ müharibəsindəki zəfərlə biz dost və düşmənlərimizi daha yaxşı tanıdıq.

Böyük Britaniya baş verən proseslərə həmişə obyektiv münasibət göstərdi və münasibətlərimizə mənfi təsir göstərəcək bircə addım da atmadı”.

S.Seyidovun fikrincə, əlaqələrimiz gələcəkdə daha çox inkişaf edəcək: 

“Nazirin Azərbaycana gəlməsi perspektivlərin inkişafından xəbər verir. Yəqin, gələcəkdə daha böyük işlər görüləcək. Hər halda Böyük Britaniyanın Avropa Birliyinin tərkibindən çıxması bizi daha da yaxınlaşdırır. Eyni zamanda Böyük Britaniya Avropa Birliyinin tərkibində olmamağına rəğmən, Avropaya fəal təsir edir. Azərbaycan bunu mütləq nəzərə almalıdır. Bizim qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün əhəmiyyətlidir”.