Fransa vəziyyəti gərginləşdirir: “Qarabağda sülhə mane olur”

“Bu ölkənin “papağını” qarşısına qoyub, düşünməsinə ehtiyac var”

“Çünki ərazilərimizi tam bərpa etdikdən sonra ancaq dost və adekvat ölkələrin tenderlərdə iştirakına icazə verəcəyik”


Bir neçə gün əvvəl Fransadan bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan “Telegram” hesabında yazıb ki, onlar rəsmi şəkildə akkreditə olunub. Sülhməramlılar Xankəndiyə yola düşən fransalı jurnalistləri Laçında saxlayıb və haraya getdiklərini soruşublar. M.Minasyan qeyd edib:

“Jurnalistlər akkreditasiyalarını göstərib, Qarabağa getdiklərini söyləyəndə, sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər: “Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin” ”.
Edəcək bir şeyi qalmayan nümayəndə heyəti İrəvana qayıdır və Fransa səfirinə məsələni bildirir. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradır və nə baş verdiyini anlamağa çalışır. Cavabında isə Nikol yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirir. Paşinyan ümumiyyətlə, bu məsələyə qarışmamağın daha yaxşı olacağını qeyd edir. Conatan Lakotun isə susmaqdan başqa çarəsi qalmayıb.

Məsələni “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev bildirib ki, Fransadan gələn heyətin Dağlıq Qarabağa buraxılmaması çox müsbət haldır:

“Eyni zamanda onlara icazəni rəsmi Bakıdan almalı olduqları barədə xəbərdarlıq edilməsi də uğurlu addımdır. Lakin burada başqa nüanslar da ola bilər. Bilmirik ki, Azərbaycan cəmiyyətinə xoş gəlsin deyə belə deyilib, yoxsa fransızlar Qarabağda hansısa bəyanat yaydıqdan sonra ara gərginləşər deyə bu addım atılıb.

Yaxud da Rusiyanın özü Fransa və Avropa ölkələrinin onun daxili işi saydığı Qafqaz missiyasına qarışmasından narahat olduğu üçün belə açıqlama verilib. Hər bir nüans ola bilər. Lakin bu olanlar istənilən halda müsbət addımdır”.

T.Rzayev vurğulayıb ki, Fransanın qeyri-adekvat addımlar atması heç də xoş deyil:

“Bu, nəinki Azərbaycanla Fransanın, eyni zamanda Ermənsitanla Azərbaycan münasibətlərini də gərginləşdirir. Hər dəfə belə hadisədən sonra hər iki cəmiyyətdə gərginlik yaranır, xalqlar bir-biri ilə birgə yaşamaq prinsipinə uyğunlaşa bilmirlər. Bunlar provokativ addımlardır, gərək Fransa belə addımlardan çəkinsin. Son günlər bir çox dünya ölkəsi daha adekvat davranmağa başlayıb.

Fransa bölgəyə sülh və əmin-amanlığın gəlməsinə mane olur. Halbuki bu bölgə Avropa İttifaqı, ümumiyyətlə, Qərb üçün çox əhəmiyyətlidir. Avropa Orta Asiya bazarına açılmaq və yaxud Orta Asiyadan enerji resurslarını Avropaya çıxarmaq üçün bölgədən istifadə edə bilər. Ona görə də Ermənistan-Azərbaycan arasında strateji kommunikasiyaların açıq olması çox önəmlidir”.

Ekspertin qənaətincə, Ermənistan-Azərnbaycan kommunikasiya xətlərinin açıq olması hər iki xalq üçün əhəmiyyətlidir:

“Fransa təktərəfli addımları ilə ölkələr arasındakı münasibətləri gərginləşdirir. Ondansa rahat şəkildə gəlsinlər, Azərbaycandan icazə alsınlar və qıcıq yaratmasınlar. Sonra da gedib Xankəndində sülhdən, dostluqdan, qardaşlıq və barışdan danışsınlar, müharibədən yox. Bu, çox önəmli faktordur.

Fransanın hərəkəti sülhə xidmət etmir. Almaniya, İtaliya və Böyük Britaniyaya baxıb, örnək götürsünlər. Bu ölkələr sülhə çalışırlar. Rusiya belə Fransadan daha adekvat davranır. Fikrimcə, artıq Fransanın “papağını” qarşısına qoyub, düşünməsinə ehtiyac var.

Çünki ərazilərimizi tam bərpa etdikdən sonra ancaq dost və adekvat ölkələrin tenderlərdə iştirakına icazə verəcəyik”.