14 yaşlı qızcığaza “TOY TUTDULAR”: “Bu cinayətdir”


Qələm tutan körpə əllərə xına yaxıb “gəlin” adını verənlər var

“Əminəm ki, Gürcüstanın hüquq - mühafizə orqanları məsələ ilə bağlı tədbir görəcək”

“Amma biz də müdaxilə etməliyik. Orda azərbaycanlılar icması var, QHT-lər fəaliyyət göstərir, problemlərlə maraqlanırlar”


Mirzə Cəlilin “Ölülər” tragikomediyasında azyaşlı qızların, cocuqların Şeyx Nəsrullahla kəbinini kəsirlər. O məşhur əsəri oxuyanda belə hadisələrin indi baş vermədiyini, ötən əsrlərdə qaldığını düşünürük. Yanılırıq! İndi də var qələm tutan körpə əllərə xına yaxıb “gəlin” adını verənlər. Baxmayın ki, 21-ci əsrdəyik, yenə də görürük, duyuruq az yaşlı qızını nişanlayıb, evləndirənləri.

Eynilə Gürcüstanın  Poniçala( Soğanlıq) adlanan ərazisində azyaşlı qızlarını nişanlayan ailə kimi. Həmin nişan mərasiminin videosu sosial şəbəkələrdə yayılıb. Görüntülərdə ailəsinin, qohumlarının  10-11 yaşlarındakı qızı “adət-ənənələrə” uyğun nişanladıqları ortadadır. Üstəlik bəyin də yaşı azdır.
Kənd camaatının “Unikal.org”a açıqlamasında qeyd olunub ki, qızın 14, oğlanın 19 yaşı var. Eyni zamanda oğlan qızın öz qohumudur. Bildirilib ki, uşaqların 3 il sonra toy mərasimləri baş tutacaq. Kəndin gəncləri isə erkən nişan hadisəsini qınayıblar. Onlar deyiblər ki, erkən evlənmə adət-ənənə deyil, stereotipdir.


Qeyd edək ki, məlum məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.

Bu barədə Ombudsman Aparatında məlumat verilib. Həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.



Məlum olayla bağlı “Sherg.az”a danışan “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, problemin kökündə müdafiə mexanizmi dayanır:

“Deyirlər, nişanlayırıq ki, kiminsə əlinə keçməsin, kimlərsə nə isə etməsin. Ya da sadəcə nişanlayırıq, az yaşında evləndirməyəcəyik. Halbuki bir-iki il keçməmiş evləndirəcəklər. Əslində isə bu uşağa qarşı cinayətdir. Əminəm ki, Gürcüstanın hüquq - mühafizə orqanları məsələ ilə bağlı tədbir görəcək. Amma biz də müdaxilə etməliyik. Orda azərbaycanlılar icması var, QHT-lər fəaliyyət göstərir. Onlar da Azərbaycanlıların problemləri ilə maraqlanırlar.  Yəqin ki qadın komitəsinə də müraicət edilər və ailə ilə də danışarlar. İstənilən halda baş vermiş hadisə cinayətdir”.