Diplomatik korpusun SƏFƏRİ: “Erməni vəhşilikləri sübut olunur” 

Bu günlərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Səfər zamanı diplomatik korpus - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri də Cəbrayıl və Zəngilana yollanıblar. H.Hacıyev qeyd edib ki, səfər zamanı diplomatik korpus nümayəndələri öz gözləri ilə işğaldan azad olunan ərazilərimizdə törədilmiş vəhşilikləri gördülər:


“Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir”.



Səfərlə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Ramil Həsən bildirib ki, diplomatik korpus nümayəndələrinin azad edilən ərazilərimizə yollanması xüsusi əhəmiyyət daşıyır:

“Diplomatik korpus nümayəndələrini Füzuli bölgəsinə aparmışdılar. Lakin bu günə qədər Ermənistanla sərhəd olan bölgələr, xüsusilə Zəngilan və Xudafərin körpüsü olan yerlərə səfər olmamışdı.

Azərbaycana akkreditə olunmuş 80-ə yaxın diplomatik korpusun, səfirlərin, beynəxalq təşkilat nümayəndələrinin iştirak etdiyi bu səfər müstəsna rola malikdir.

Çünki diplomatik korpusun rəhbərləri səfərlərlə bağlı məruzələr hazırlayırlar və bu məruzələri öz ölkələrinə çatdırırlar. Onların səfər təəssüratı ilə bağlı sosisal şəbəkələrdə yazmış olduqları məlumatlar müsbət mənada böyük rezonans doğurur”.

R.Həsənli vurğulayıb ki, beynəlxalq təşkilat rəhbərlərinin düşmən tapdağından azad etdiymiz torpaqlarda olması ermənilərin 27 il ərzindəki vəhşiliklərini sübut etdi:

“Belə səfərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, haqq səsimizin beynəlxalq münasibətlər sisteminə düzgün şəkildə təqdim edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də Hikmət müəllimin diplomatik korpusla birlikdə etdiyi səfər misilsiz rola malikdir”.