Gələcəkdə kağız pullar sıradan çıxacaq


Çin rəqəmsal valyutanı sınaqdan keçirməklə dövrü qabaqlamaq istəyir

Çin hökuməti 1,5 mln. ABŞ dolları dəyərində “sınaq” rəqəmsal valyuta emissiyasını təsdiqləyib. Çin Xalq Bankı namizəd qismində 50 min nəfərin hər birinə müəyyən yerlərdə xərcləmək üçün 200 yuan (30 dollar) rəqəmsal valyuta təqdim edəcək. Qeyd olunur ki, sözügedən rəqəmsal valyuta “Bitcoin” kimi mərkəzləşdirilmiş kriptovalyutalara bənzəməyəcək. Elektron yuan (CBDC) adlandırılan pul vahidi Çinin Xalq Bankı tərəfindən idarə olunacaq.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, gələcəkdə kağız pullar sıradan çıxacaq. Ekspert qeyd edib ki, Çin rəqəmsal valyutanı sınaqdan keçirməklə dövrü qabaqlamaq istəyir:

"Elektron rəqəmsal valyutanın bir sıra üstünlükləri olduğu kimi, onun qorunması mexanizmi də mürəkkəbdir. Hazırda "Bitcoin" adlı rəqəmsal valyuta mövcuddur. "Bitcoin" 2008-ci ildə Satoshi Nakamoto tərəfindən icad edilib. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər hansısa mərkəzdən asılı deyil. "Bitcoin" heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir. Onun hər hansı bir mərkəz bankla, rəsmi qurumla bağlantısı olmur. Yəni o ölkələrin pul vahidi ilə alınıb satıla bilən,  hər hansı üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Amma bu valyutanın tələbatı bazarda olan tələb və təkliflə bağlıdır. Bunu tənzimləmək üçün, şirkətlərə haker hücumları edilirdi və nəticədə ona tələb artırdı. Hətta 1 bitcoin 3 000 dollara bərabər olmuşdu.  Amma bu rəqəmsal valyuta hər hansı bir ölkənin mərkəzi bankına bağlı olmadığı üçün hər hansı bir ölkənin iqtisadiyyatında təsiri yoxdur". 

Ekspert vurğulayıb ki, "Bitcoin"i itirmək çox asandır:

"Kredit kartınızı itirdiyinizdə və bank hesabınız başqası tərəfindən ələ keçirildikdə siz dərhal banka zəng edib məlumat verə və ya  polisə şikayət edə bilərsiniz. Ancaq "Bitcoin" sistemində bunlar keçərli deyildir. "Bitcoin" sistemində itirdiyiniz cüzdanınızı geri ala bilmək üçün heç bir mexanizm yoxdur. Bunun önünə keçməyiniz üçün ən yaxşı üsul sadəcə bitcoinlərinizi internetə bağlantısı olmayan bir sərt diskdə saxlamaqdır.

Qeyd olunanlara nisbətən rəqəmsal valyuta təhlükəsiz baxımdan və digər aspektlərə görə, effektiv vermədiyindən hazırda kağız valyuta öz dəyərini saxlayıb.

Amma gələcəkdə rəqəmsal valyuta münasibətinə keçmək üçün indiki kağız pulun effektliyi nəzərə alınmalı və sistem bağlantısı olmalıdır. Əgər Çin dövləti bütün qeydləri nəzərə alıb yeni bir valyuta ortaya çıxarsa, o halda lider dövlətə çevrilə bilinər. Amma geosiyasi və geoiqtisadi  məsələləri nəzərə alsaq, hazırda bu, real  görünmür. Buna baxmayaraq, böyük dövlətlər bunun üzərində işlər aparır.

Ödəniş sistemini, idarəçiliyi daha rahat etmə və  insanların hesabları üzərində nəzarəti həyata keçirmək müxtəlif addımlar atılır".