Şəhidin atası: ““Qanımın son damlasınadək vuruşacam” sözləri…”

Məşhur  bir deyim var: sonunu düşünən qəhrəman olmaz. Biz Vətən müharibəsi dövründə bu fikrin nə qədər doğru olduğunu gördük. İkinci Qarabağ  savaşı iştirakçılarının heç biri nəyin necə olacağını düşünmürdülər. Sadəcə döyüşürdülər. Elə buna görə də qəhrəman olmağı bacardılar.
Eyni ilə 1996-cı il təvəllüdlü Tərxan Qurbanov kimi. Tərxan Şəki rayonunun Kiçik dəhnə kəndində anadan olub. 2015-ci ildə Mingəçevir şəhərindəki 3 nömrəli məktəbi bitirib. Həmin il BDU-nun Biologiya fakültəsinə qəbul olub və dörd il sonra məzun adını qazanıb. 

Atasının “Sherg.az”a dediyi kimi, sonra isə gənc yaşında şəhidlik zirvəsinə ucalıb: 

“Oğlum 2019-cu ilin iyul ayında hərbi xidmətə yollandı. Orada tibb işçisi kimi fəaliyyət göstərib. 

Nümunəvi xidmətinə görə sertifikatla təltif olunub. Müharibə başlayan ilk gündən döyüşlərdə iştirak edib. Sonuncu dəfə oktyabrın 31-də danışdıq. 
Dedi ki, narahat olmayın, ürəyinizi buz kimi saxlayın, inşallah, torpaqlarımızı azad edib, qayıdacam. “Qanımın son damlasınadək vuruşacam” sözləri indiyə kimi qulağımdadır. 

Tərxan noyabrın 6-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ayın 25-də isə torpağa tapşırdıq. 
Ürək həkimi olmaq istəyən oğlum ürəklərdə özünə taxt qurdu”.