Köçəryanın dönüşü: Kreml sabiq prezidentə “yaşıl işıq” yandırıb? – ŞƏRH

 “Köçəryanın gücü əlində toplayacağını nəzərə alsaq, deməli, Qarabağda  münaqişə yenidən alovlanacaq”

“Sonu nə olacaq ? Təbii ki, bu dəfə xəritədən silinəcəklər”

“Köçəryan tez-tez Putinlə dostluğunu dilə gətirirdi. Lakin sonra ona dedilər ki, bir də bu məsələni bu qədər dilə gətirmə”



Ermənistanda daxili siyasi vəziyyət xaotik olaraq qalmaqdadır. Belə ki, sabiq president Robert Köçəryan siyasətə qayıtdığını elan edib. O, həmçinin Rusiyanın Ermənistanın Dağlıq Qarabağda lazım olanı etmək üçün əhəmiyyyətli rol oynadığını deyib. Son vaxtlar revanşist bəyanatlar səsləndirən və Paşinyan hakimiyyətini “satqın” adlandıran Köçəryanın siyasi səhnəyə dönüşü beyinlərdə müəyyən dilemmalar yaradır. Doğrudan da, Kreml sabiq prezidentə “yaşıl işıq” yandırıb? Elə isə məqsəd nədir? Yeni müharibə, yoxsa? 

Siyasi analitik Rusif  Məmmədsoy mövcud vəziyyəti “Sherg.az”a təhlil edib: 

“Robert Köçəryanın Moskva səfərindən sonrakı açıqlaması hər kəs üçün gözlənilməz oldu. Çünki həm Kreml, həm də keçmiş Qarabağ klanının üzvləri gözəl bilirlər ki, onların Ermənistanda reputasiyası çox aşağıdır. Bəs Köçəryan bu açıqlamanı niyə verdi ? Kimlər ona belə ümid verib ? Köçəryanın Moskva səfəri zamanı onun Putinlə görüşü planlaşdırıldığı bildirilmişdi. Əlbəttə, Rusiya prezidentinin buna heç zamanı da yoxdur. Onun daha ciddi problemləri var. Sadəcə Köçəryandan Paşinyana təsir vasitəsi kimi istifadə etmək istəyirlər. Ancaq bir məsələ var: Robertin məhz Moskvanın adamı olduğu hər kəsə yaxşı məlumdur. Rusiyaya qarşı reaksiyalar da bəllidir. Müharibədən öncə xüsusilə Paşinyan tərəfdarları Rusiyaya əks cəbhədə yer alırdılarsa, hazırda keçmiş “Qarabağ klanı”nın tərəfdarları da Rusiyaya kin “qusurlar”. Səbəbi də bəllidir: Moskvanın onlara Qarabağ məsələsində kömək etmədiklərini düşünürlər. Əslində anlamırlar ki, Rusiya Ermənistanın bir dövlət kimi məhvinin qarşısını aldı”.

 R.Məmmədsoyun fikrincə, potensial savaş rəsmi İrəvanın ancaq ziyanınadır:

 “Bu mənada Köçəryanın hər hansı uğur qazanması inandırıcı deyil. İndiki məqamda Paşinyan məğlub dövlətin məğlub rəhbəri kimi ondan daha güclüdür. Köçəryan sadəcə “suyu bulandırır”. Bu isə nəyisə dəyişməyəcək. Çünki sonu bəllidir. Köçəryanın hansısa uğur qazandığını və gücü əlində toplayacağını nəzərə alsaq, deməli, Qarabağda  münaqişə yenidən alovlanacaq. Sonu nə olacaq ? Təbii ki, bu dəfə xəritədən silinəcəklər. Bu mənada Robert Köçəryan Paşinyanı az da olsa, narahat edə bilər. Hətta biz dəqiq  bilmirik ki, Rusiyadan ona, həqiqətən,  ümid veriblər ya yox. Axı bundan öncə də Köçəryan tez-tez Putinlə dostluğunu dilə gətirirdi. Lakin sonra ona dedilər ki, bir də bu məsələni bu qədər dilə gətirmə. Burda da oxşar ssenari olması mümkündür”.