Təklif: “Şuşada, Ağdamda televiziya kanalı yaradılmalıdır”

Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə  fevralın 10-dan martın 12-dək müsabiqə elan edilib. Bu barədə Milli Televiziya və Radio Şurasının iclasında qərar qəbul olunub.

Əlbəttə, sözügedən təşəbbüs regionda həyatın bərpa olunduğunun növbəti göstəricidir. 

Media eksperti Zeynal Məmmədli bu barədə “Sherg.az”a danışarkən məsələnin əhəmiyyətini xüsusi qeyd etdi: 

“Etiraf etməliyik ki, ölkədə media daha çox Bakıda cəmlənib. Regionlarda isə ən yaxşı halda bir kanal var. Ona görə də Qarabağda radio kanalının açılması çox sevindiricidir.

Hətta, fikrimcə, Şuşada, Ağdamda televiziya kanalı da yaradılmalıdır. Düzdür, auditoriyanın kim olacağı sual altındadır. Çünki əhali işğaldan azad olunmuş torpaqlara hələ ki, köçməyib. Lakin bütün hallarda biz ancaq sevinə bilərik.
Belə bir addım həm də jurnalistlər üçün iş yeri deməkdir”.