Başdaşı qoyulmayan şəhidlər... - “Hələ də məsuliyyətsiz məmurlar var”  

“Son vaxtlar belə məmurların cəzalanma prosesi gedir”

“Yəqin ki, bu icra məmurlarının da yaxın günlərdə cəzalanmasının şahidi olarıq”


Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kəndinin 4 sakini hələ də  başdaşı qoyulmayıb. Bu barədə şəhid Orxan Quliyevin atası Bəxtiyar Quliyev məlumat verib. O qeyd edib ki, sözügedən kənddən oğlu ilə birgə 3 nəfər şəhid olub və  onların da məzar daşları qoyulmayıb:

“Bununla bağlı İcra Hakimiyyətində də olmuşuq. İcra başçısı bildirib ki, rayondan 200-ə yaxın şəhid var və onların hamısına başdaşını qoydurmaq onların səlahiyyətlərinə aid deyil. Bunun üçün pul ayrılmalı olduğunu vurğulayıb. Hökumət, yaxud icra hakimiyyəti bunu etməyəcəksə, biz işimizi bilmək istəyirik. Belədirsə, başdaşını mən qoyum. Oğlum oktyabrın 15-də dəfn edilib. Hələ də başdaşı yoxdur”. 

Jurnalist Ağa Cəfərli “Sherg.az”a söyləyib ki, bu məsələdə diqqətsizlik və etinasızlıq var:

“İnanıram ki, yaxın günlərdə problem həll ediləcək. Fikrimcə, bütün mətbuat orqanları, xüsusilə televiziyalar məsələyə həssaslıqla yanaşmalıdırlar. Araşdırma aparılmalı və ictimaiyyətə də məlumat verilməlidir.

Hər halda icra hakimiyyəti nümayəndəsi televiziyada dedi ki, məsələ yaxın zamanda həll olunacaq. 44 günlük müharibədən çox vaxt keçib.

Bu günlər ərzində nəinki qəbrin üstünün götürülməsi, ümumiyyətlə, şəhidlərlə bağlı çox işlər görmək olardı. Amma heç bir iş görülməyib və şəhidlərin qəbrinin üstü də götürülməyib”.

A.Cəfərli qeyd edib ki, şəhid sözünün mənası, mahiyyəti və zirvəsi barədə izaha ehtiyac yoxdur:

“Düşünürəm ki, cənab Prezidentin çıxışlarına diqqət yetirilməlidir. Görsünlər ki, ölkə başçısı şəhid və şəhid ailələrinə necə baxır və onları necə yüksək tutur”.

Şəhidlərimizə qarşı diqqətsizliyin nədən qaynaqlanmasına gəlincə, jurnalist vurğulayıb ki, baş verənlər məsuliyyətsizliyin nəticəsidir:

“Təəssüf ki, Azərbaycanda hələ də məsuliyyətsiz məmurlar var. Son vaxtlar belə məmurların cəzalanma prosesi gedir. Yəqin ki, bu icra məmurlarının da yaxın günlərdə cəzalanmasının şahidi olarıq.

Bəlkə, ortada başqa bir səbəblər də var. Amma nə səbəblər ola bilər ki? İcra hakimiyyəti normal açıqlama verməlidir.  Başa düşmürlər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insan kimdir və o insanlara necə münasibət göstərilməlidir.

Çox təəssüflər olsun ki, bəzi məmurlar bunu dərk edə bilmirlər”.