Elçin Şıxlı: “Media ilə bağlı ideyaları səpələmək istəmirəm”

“Bu sahədən başı çıxan insanların rəyi mütləq alınmalıdır”

“Bizi də lazım bilərlərsə, fikirlərimizi konkret şəkildə bildirərik” 


Son günlər ölkədə dinamik sahə olan medianın inkişafı ilə bağlı davamlı islahatlar aparılır. Yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Belə ki, fərmana əsasən Azərbaycan Respublikasının “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Bundan başqa, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da öz növbəsində "media landşaft"ı layihəsini Prezidentə təqdim etdiyini söyləyib.

O bildirib ki, medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramlar, təlimlər, təcrübə mübadilələri həyata keçirilməlidir:

"Bu zaman 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diqtəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər".

Media ilə bağlı islahatların vacibliyindən bəhs edən "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bu barədə  “Sherg.az”a danışıb:

“Media islahatları üçün gərək böyük siyahı tutulsun. Bir-iki bəndlə məsələ həllini tapmır. 25-30 bəndlik yol xəritəsi tərtib edilməli və onun əsnasında işlənilməlidir. Bir neçə fikir deməklə boşluğu doldurmaq olmur. Hər kəsin fərqli yanaşması var. Lazım bilərlərsə, çağırarlar, məsləhətləşərik. İndi ideyaları səpələmək istəmirəm. Çünki əvvəllər də ideya verirdik, sonradan altını-üstünə çevirirdilər. Belə bir təkliflə çıxış etdiyimiz üçün özümüz də peşman olurduq. Doğrudur, islahatlara ehtiyac var. Əsas da medianın azad, sərbəst söz demək, həqiqətləri yazmaq imkanı olmalıdır. Bu prinsiplər olmayan yerdə "mini" islahatla uğur qazanmaq mümkün olmayacaq. Təbii ki, hər şey qanun çərçivəsində olmalıdır".

E.Şıxlı vurğulayıb ki, mediada təhqir və biabırçılıq deyil, tənqid olmalıdır:

"Əlində sübutun varsa, dəlillə hər şeyi yaza bilərsən. Yox, əgər bunu bacarmırsansa, dəlil tapana qədər susmalısan. Məktəbdə də keçirdik ki,”toplananların yerini dəyişəndə, cəm dəyişmir”.

Bu prinsiplə işləsək, mətbuata yenilik gətirə bilməyəcəyik. Keyfiyyət dəyişikliyi olmalıdır. Bu sahədən başı çıxan insanların rəyi mütləq alınmalıdır.

Bizi də lazım bilərlərsə, fikirlərimizi konkret şəkildə bildirərik”.