Savaşda güclü, zəif tərəflərimizi gördük

Azərbaycan Ordusu tam şəkildə Türkiyə Ordusuna uyğun qurulmalıdır

"Bunun üçün birgə təlimlərlə kifayətlənməməli, birgə kadr hazırlığına və o kadrların da ordunun rəhbər heyətində yer almalarına çalışılmalıdır"

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədə silahlı PUA-ların idarəetməsi ilə bağlı qatıldığı təlimlər yekunlaşıb. Təlimləri uğurla başa vuran hərbçilərimizə sertifikatlar da verilib. Bu barədə Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayrakdar öz “Telegram” səhifəsində paylaşım edib. Bayraktar silahlı PUA-ların təlimlərini yekunlaşdırmış Azərbaycan hərbçilərinə sertifikatları təqdim etmək üçün PUA Təlim Mərkəzinə getdiklərini yazıb.

Qardaş ölkə ilə hərbi əməkdaşlığımızın hansı səviyyədə olduğu hamıya məlumdur. Ötən dövr ərzində Türkiyənin hərbi məktəblərində tədris almış, kurslarında təlim görmüş hərbçilərimizin sayı minlərlədir.

Xüsusən, 44 günlük Vətən müharibəsində Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının və ortaq təlimlərin səmərəsini aydın şəkildə gördük.

PUA-ların əvəzsiz rolunu, hərb sahəsində müasir tələb və çağırışları nəzərə alsaq, zabit heyətimizin Türkiyədə pilotsuz uçan aparatlarla bağlı təlimlərə qatılması olduqca vacibdir. Hava məkanında üstünlüyə sahib olmağın nə dərəcədə zəruri olması Vətən müharibəsində bir daha üzə çıxdı. 

Ədalət Partiyasının sədr müavini, ehtiyatda olan baş leytenant Elxan Şükürlü “Şərq”ə bildirib ki, 44 günlük Qarabağ savaşı ordumuzdakı zəif-güclü tərəflərimizi aşkarlayıb ortaya çıxardı. Göründü ki, ordumuz təkcə silah-sursat, hərbi-texniki təchizat baxımından deyil, həm də canlı qüvvə sarıdan özünü yeniləməli, yeni dövrün tələblərinə uyğun qurmalıdır:

“İndi hökumət bir tərəfdən silah müqavilələrinə yenidən baxmalı, hərbi arsenalımızı müasir dövrün tələblərinə cavab verən texnikalarla, o cümlədən də yeniləşən PUA-larla təchiz etməlidir. Digər tərəfdən müasir texnologiyaları, silahları idarə edən hərbi kadr hazırlığına xüsusi diqqət yetirməlidir.

Mən, ümumiyyətlə, Azərbaycan və Türkiyənin ortaq maraqlarını, birgə hədəflərini və gələcək üçün birgə strategiyalarını nəzərə alaraq, Azərbaycan Ordusunun tam şəkildə Türkiyə Ordusuna uyğun şəkildə qurulmasını istəyirəm.

Bunun üçün birgə təlimlərlə kifayətlənməməli, birgə kadr hazırlığına və o kadrların da ordunun rəhbər heyətində yer almalarına çalışılmalıdır. Hər iki ölkə ordularının real döyüş şəraitində vahid ordu kimi fəaliyyət göstərmələri üçün ən uyğun modellər araşdırılıb tətbiq olunmalıdır”. 

E.Şükürlü hesab edir ki, Azərbycanla Türkiyə arasında ikitərəfli Hərbi İttifaq Sazişi imzalanmalı və gələcəkdə bu Sazişə qoşulacaq ölkələrin sayının artırılması istiqamətində real addımlar atılmalıdır:

“Nəzərə almalıyıq ki, həm Çin-Rusiya-İran üçbucağında özümüzü qorumaq, həm də bu üçbucaqda real milli-siyasi-hərbi gücə çevrilərək maraqlarımızı təmin etmək üçün mütləq şəkildə Türkiyə-Azərbaycan hərbi və təhlükəsizlik sektorlarının vahid orqanizm kimi çalışmalarını təmin etməliyik”.