"Peşəkar jurnalist həm də varlı adama çevrilə bilməlidir"

"Kitabı çox satılan yazıçı və şairlər zəngin olmaq şansına sahib olmalıdır"


Əməkdar jurnalist Rəhman Orxan Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib. Bildirib ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində ölkədə bütün sahələr üzrə aylıq məvaciblər və müavinətlər dəfələrlə artırılsa da, “Xalq” və “Əməkdar” titullu yaradıcı və sənət adamlarının müavinətləri artırılmayıb. Tanınmış jurnalist qeyd edib ki, “Xalq” titullu şəxslərin müavinəti ən azı 500 manat, “Əməkdar” titulu olanların isə 300 manat səviyyəsində müəyyən edilsin. Onun sözlərinə görə, 7-8 ildir “Xalq” titullu şəxslər 150 manat, “Əməkdar” titullular isə 100 manat müavinət alırlar: “Xalqın qayğısına qalmalı olan deputatlar yalnız özlərini düşünərək, maaşlarını 3-4 min manata qaldırıblar. Dövlətə, cəmiyyətə xidməti onlardan heç də az olmayan əməkdar həkimlər, müəllimlər, mühəndislər, jurnalistlər isə fəxri titullarına görə cəmi 100 manat müavinət alırlar. Doğrudanmı, fəxri titulları olan bu adamların xalq qarşısında xidmətləri əlavə imtiyazları olan deputatların xidmətlərindən bu dərəcədə aşağıdır?! Nəyə görə “Xalq”, “Əməkdar” titullu nüfuzlu şəxslər 7-8 ilin artımlarında tam unudulub?”.
Rəhman Orxan ümid edir ki, Prezidentin diqqət və qayğısı sayəsində müavinətlərin yenidən artırıldığı bu günlərdə illərlə davam edən bu ədalətsizlik də aradan qaldırılacaq.



Jurnalistin müraciəti ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli ilk növbədə, ümumiyyətlə, bütün titulların əleyhinə olduğunu söyləyib. Ekspertin fikrincə, titul, fəxri ad və s. təltiflər sovet dövründən qalma yanaşmadır və tədricən hamısı aradan qalxmalıdır:

“Əsas məsələyə keçməzdən öncə vurğulayım ki, SSRİ öz ideoloji çərçivəsini formalaşdırmaq üçün müxtəlif adlar, titullar icad etmişdi. Şair, yazıçı, rəssam, incəsənət nümayəndələri təmsil etdikləri xalqın sənətkarlarıdır. Kimsə “xalq şairi” adını daşıyırsa, bu o anlama gəlmir ki, ad almamış başqa söz adamı xalqın yazarı sayılmır?!

Elə şairlər, yazıçılar, artistlər olublar ki, heç bir titul daşımadıqları halda xalq tərəfindən çox seviliblər. Rəsmi adlar nəyisə həll etmir. Amma müxtəlif titullar saxlanılırsa, təbii ki, aylıq müavinətlər, maddi ödənişlər adlara adekvat olmalıdır. Burada simvolik məbləğdən daha çox titullu peşə sahiblərinin dövlət və xalq qarşısında xidmətinin maddi dəyərləndirilməsindən söhbət gedir. Dəyərləndirmə günün tələb və reallıqlara indiki iqtisadi vəziyyətə uyğun olmalıdır.

Zaman-zaman müxtəlif sosial ödənişlərin artırılması gündəmə gətirilirsə, “xalq” və ya “əməkdar” titullar daşıyan şəxslərin aylıq müavinətlərinin indeksləşməsinə də ehtiyac yaranır. Onların da aylıq ödənişlərini müzakirəyə çıxarmaq hüquqları var”. 

N.Cəfərlinin qənaətincə, ümumiyyətlə, ölkədə elə bir şərait olmalıdır ki, yazıçılar, şairlər, sənət adamları, jurnalistlər aldıqları əmək haqqı ilə yüksək səviyyədə yaşaya bilsinlər:

“Peşəkar jurnalist həm də varlı adama çevrilə bilməlidir. Kitabı çox satılan yazıçı və şairlər zəngin olmaq şansına sahib olmalıdır. İstənilən sənət sahibləri öz fəaliyyət sahələri ilə yüksək qazanc əldə etmək imkanı əldə etməlidirlər. Dövlət əlavə dəstək verə, müəyyən güzəştlər edə bilər. Əsas odur ki, formallıqdan birdəfəlik uzaqlaşmaq lazımdır”.