"9 ildir ki, kimsə bizimlə əlaqə saxlamayıb"

Yaşar Nurinin xanımı "Şərq"ə baş verənləri danışdı


"Vəziyyətim kimə maraqlıdırsa, sizdən nömrəmi alsınlar, cavab verim"


Ötən günlərdə mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım “Elgizlə izlə” proqramının qonağı olub. Eyni zamanda efirə telefonla bağlanan müğənni Zeynəb Dostəliyeva aktyorun ailəsinin maddi sıxıntısının olduğunu deyib. O qeyd edib ki, Yaşar Nurinin xanımı və qızı işləmir, gəlirləri yoxdur:

"Yoldaşı rəhmətə gedəndən sonra Rəhimə xanımla hər zaman əlaqə saxlamışam. Onun vəziyyətindən xəbərdaram. Çox çətin vəziyyətdədirlər, dolana bilmir. Ona məsləhət gördüm ki, vaxtında Yaşar Nuriyə əl tutan dostlara müraciət etsin. Gedib kiminsə qapısını döyən qadın deyil”.
Rəhimə xanım müğənninin  sözlərini qismən təsdiqləsə də, bu məsələlərin efirdə danışılmasını istəmədiyini söyləyib. 

“Şərq” qəzeti də mərhum sənətkarın ömür-gün yoldaşı ilə həmsöhbət olub. Rəhimə xanım efirdə yaşananlara aydınlıq gətirib:

“Ailə “mətbəx”im mənə və ailəmə məxsusdur. Bəzi məqamlarda bununla bağlı kimsə danışır, nə isə söyləyir. Bəlkə görüb, ya da kimdənsə eşidirlər. Amma kimə nə maraqlıdırsa, mənə zəng edib soruşmalıdır. İndi sizə prosesi olduğu kimi izah edirəm. Məni Elgizin verilişinə ekspert kimi dəvət etdilər. Çünki ixtisasca musiqişünasam. Elgiz sağ olsun, məni də gözəl təqdim etdi. Dedi, musiqişünas, Xalq artisti Yaşar Nurinin həyat yoldaşı. Bildirdim  ki, ekspert olaraq ilk çıxışımdır.

Əvvəlcə baxım, görüm ordakı qonaqlar Şəfiqə xanım və sair məsələlərə necə fikir söyləyirsə, mən də onlara uyğun münasibətimi bildirərəm. Amma musiqi və teatrla bağlı mövzularda daha rahat danışaram. Yoxsa kimsə kimdən ayrılıb, ya da o biri nə edib, bunlara vəkil rəy verməldir. Verilişdə mənə sual ünvanladılar ki, necə dolanırsınız?

Dedim, hazırda pandemiya dövrüdür, hamı kimi bizim də çətinliklərimiz var. Soruşdular ki, bəs işləmirsiz? Cavab verdim ki, işləmirəm, amma iş olsa çalışaram. Həm də ailənin əlavə gəliri olar.

Yəni həyatdır, mən də çətinlik çəkənlərdən biri. Nə olsun ki? Bir də sual verdilər ki, sizə Yaşar müəllimdən nə qalıb? Dedim o vaxt hamımız yaxşı yaşamışıq. Ailəsinə baxıb, həm də yaxşı qazanan aktyor olub. Amma Yaşar müəllim biznesmen deyildi ki. Nə vardısa, yavaş-yavaş istifadə etdik, qurtardı.

Yəni  bunları optimist şəkildə söylədim. Ardınca efirə Zeynəb Dostəliyeva bağlandı. İnanın, heç onun zəng edəcəyindən xəbərim yox idi, şok oldum. Fikriləşdim ki, yəqin sənətlə bağlı nə isə deyəcək. Lakin dolanma söhbətini açdı, danışdı. Dedim, Zeynəb xanım,  kifayətdir. Çünki bu, şəxsi məsələdir, onu efirə çıxarmaq olmaz.

Düşündüm ki, yəqin şəxsi fikridir. Belə rezonansa səbəb olacağı da ağlıma gəlməzdi. Həmçinin efirə qızım Ülkər də zəng etdi, dedi ki, hər kəsin problemi ola bilər, bizdə də var.

Verilişdən sonra Zeynəb xanım mənimlə əlaqə saxladı ki, məndən asılı olmadı, ürək sözümü dedim. Mövzu bağlandı. Ardınca həmin verilişə Ülkəri müğənni kimi çağırdılar.

Siyavuş Aslanın oğlundan danışmağa başladılar. Yenə bizim ailəmizdən söz açdılar. İkinci dəfə bu mövzunu televiziyada hallandırmağa ehtiyac yox idi. Axı Yaşar müəllim tanınmış adamdır, bir sanbalı var, sənətdə özünə layiqli yer tutub. Qızım da öz fikrini söylədi, halal olsun ona, olduğu kimi hər şeyi danışdı, qurtardı.

Lakin baxıram ki, bəzi saytlar Zeynəb xanımın sözlərini başlığa çıxarıb, xəbər yazıb. Özlərinə zəng etdim ki, bəli, mən demişəm, amma öz sözlərimi başlıq edin. Fikir mənimdir. Dedilər düzəliş edərik. Həm də ki, efirdə konkret bir şey sadalamamışam”. 

"Rəhimə xanım həmçinin Yaşar Nurinin ailəsinə dövlət qayğısı varmı" sualını da cavablandırıb: “Bu insan yaradıcılıqla məşğul olubsa, deməli, mədəniyyət sahəsinə aiddir. Tək mənim ailəm deyil ki, o qədər xalq artistlərinin yaxınları var. Hətta mənə bir-iki sənətkar ailəsindən zəng vurublar ki, siz necə dolanırsınız?  Ad çəkməyəcəm.

Mərhum sənətçilərin  həyat yoldaşlarıdır. Mən də ürək-dirək verdim ki, hamı çətin vəziyyətdədir. Bizimlə ilk növbədə mədəniyyət sahəsində işləyən adamlar maraqlanmalıdırlar. Onlar da kimdir, hansı qurumlardır, açıqlamıram, hərə öz payına  düşəni götürsün. Nə lazımdırsa, həmin ailələrlə maraqlanıb, problemlərini soruşarlar.

Siz jurnalistlər, sadəcə, fikirlərimi yaza bilərsiniz.  Problemi sözügedən qurumun insanları həll etməlidir. Lakin bu işlərlə məşğul olan insanlar diqqət göstərmir. Bir-bir sadalamağıma ehtiyac yoxdur. Mədəniyyətlə əlaqəli dövlət qurumları var, ordan zəng etməlidirlər. 9 ildir kimsə bizimlə əlaqə saxlamayıb.

Hətta Mədəniyyət Nazirliyindən də soruşmayıblar ki, necəsiniz?  Halbuki, Yaşar 40 ilini sənətə verib və onun yolundan insanlar formalaşıb, tərbiyələnib.  Bu, danılmaz faktdır, Azərbaycan xalqı belə düşünür.

Bundan  şikayətlənirəm. Vəziyyətim kimə maraqlıdırsa, sizdən nömrəmi alsınlar, cavab verim. Konkret problemi açıqlamayacam. Maraqlı olanlar, buyursun zəng etsin. Həm də bu il Yaşarın 70 illiyidir. Arzumdur ki, yubileyi teatrda qeyd olunsun. İnsanlar maska ilə də olsa, iştirak etsinlər. Tədbir də yüksək səviyyədə keçirilsin”.
“Y.Nurinin sənət dostlarından sizi kimlər yada salır?” sualına gəlincə, Rəhimə xanım bunları söyləyib:

“Sənət dostları teatrda hərə öz maaşını alır. Prezident təqaüdü alanlar da var. Şəxsən mən prezident təqaüdü almıram. Öz təqaüdüm isə 247 manatdır”.


Yaşar Nurinin bacısı uşaqları müğənni Rüfət Axundov və aktyor Nicat Rəhimovun bir dəstəyinin olub-olmadığını da soruşduq. Rəhimə xanım  belə cavab verdi: “Mən o mövzuya qayıtmayacam. İndi hamı üçün çətindir. Kiminsə adını çəkmək istəmirəm. Hər kəs istədiyi kimi yaşasın. Mənə ailəm maraqlıdır.  Başqalarının ailəsini məsələyə qatmıram. Can sağlığı olsun, pandemiyadan salamat qurtaraq. Başımızın üstdəki qara buludlar dağılsın. Maddi çətinliyi olan insanlara  Allah  yol açsın”.