Döyüşdən qayıdan jurnalist: “Düşmənin hədəfi Mingəçevir idi, lakin...” 

“...Ən strateji obyektlərimizə atdıqları raketlərini havadaca zərərsizləşdirdik”

“Gəncə vurulduqdan sonra ora daha bir hava zərbəsi endirməyə gələn düşmən hədəfi havada məhv edildi"

"Gözlərimlə gördüm, düşmənin Su-25 döyüş təyyarələri Cəbrayıl və Qubadlı rayonları istiqamətində vuruldu”

“PUA-larla ötürülən dəqiq kəşfiyyat məlumatları nəticəsində düşmən hədəfləri saniyələr ərzində məhv edildi. Bu, həm də PUA-ların, dronların savaşı idi”


İkinci Qarabağ müharibəsi dövründə minlərlə gənc sinəsini qabağa verdi. Onlar “Vətən məni yetişdirib bu ellərə göndərdi…” deyərək Vətənə xidmət etməyə tələsdilər. Çünki torpağın dəstəyə ehtiyacı var idi. Şükürlər olsun ki, qələbəyə sevinə- torpaqlarımızı işğaldan azad edə bildik. Bu sevinci bizə yaşadan isə həm də könüllülər idi. Həmin könüllü əsgərlərdən biri- jurnalist, “HafizTimes.com” saytının rəhbəri Hafiz Əhmədov 1990-ci il mayın 4-də Tovuz rayonununda anadan olub. 2007-2011-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. Ardınca bir neçə mətbu orqanla əməkdaşlıq edib və sonar öz saytını yaradıb. İndi isə o, həm də müharibə iştirakçısıdır.

 Həmkarımız Vətən savaşındakı iştirakına dair “Sherg.az”ın suallarını cavablandırıb:

- Necə oldu ki, İkinci Qarabağ müharibəsinin iştirakçısına çevrildiniz?

- Ötən ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək üçün hücuma keçmişdilər. Qızğın döyüşlər gedirdi. Azərbaycan Ordusu ermənilərin təxribat xarakterli bu hücumunun da qarşısını uğurla aldı, düşmən öz mənfur niyyətlərinə çata bilmədi. Təəssüf ki, şəhidlərimiz də oldu. Qəhrəman Generalımız Polad Həşimov şəhadətə qovuşduqdan sonra, bütün bölgələrdə, o cümlədən  paytaxt Bakıda “Qarabağa azadlıq” şüarları səslənməyə başladı. Həmin gecə Ali Baş Komandan İlham Əliyev televiziyada çıxış edib dedi: “Qarabağı almaq istəyənlər gedib könüllü orduya yazılsınlar. Təəssüf ki, çox az adam könüllü olaraq orduya yazılıb”. Səhər tezdən kənddən birbaşa Tovuz Rayon Hərbi Komissarlığına getdim. Hələ heç komissarlığın qapısı açılmamışdı. İşçilər gələn kimi sənədlərimi onlara təqdim etdim və adımı könüllü əsgərlərin siyahısı dəftərinə qeyd etdirdim. İki ay sonra - sentyabrın 21-də zəng edib, çağırdılar. Saytın admin panelindəki hazır eksklüziv müsahibəmi də silmədən evdən çıxdım. Əslində həmin gün müsahibəm yayımlanmalı idi. Heç doğmalarımla da görüşmədən Vətənin harayına getdim. Dedilər ki, Vətən dar gündədir, sizi çağırır. Sentyabrın 21-də gecə avtobuslara doluşub yola çıxdıq. Bizi hara aparacaqlarını dəqiq bilmirdik. Yolda səfərbərlik hərbi təlimlərinə getdiyimiz bildirildi. Beləliklə, müharibə başlamazdan bir həftə öncədən bizim hərbi həyatımız start götürdü. Mən olduğum hərbi hissədə 250-yə yaxın könüllü əsgər vardı. Cəmi bir həftə sonra isə 2-ci Qarabağ müharibəsi başladı.

- Əsas vəzifəniz nədən ibarət idi?

- Biz Azərbaycanın hava məkanını düşmən hücumundan müdafiə edirdik. Yəni  Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının sıralarına qoşulmuşduq və verilən tapşırıqları yerinə yetirirdik. HHM Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşlərində iştirak etdim. Düşmənin yüksək sürətli, müxtəlif ölçülü hava hədəflərini aşkarlayaraq izlənməyə götürür, dəqiq raket atışları ilə məhv edirdik. Komandirlərimizin peşəkarlığı nəticəsində cəmi bir neçə saniyə ərzində düşmənin milyonlarla dollar dəyərində olan hərbi texnikaları, bütün növ təyyarələri, helikopterləri, habelə ballistik raket və PUA-ları darmadağın olurdu. Düşünürdüm ki, nizami ordu buna deyilirmiş, hər kəs öz vəzifəsini icra edirdi. 10 il öncə hərbi xidmətdə olarkən icra etdiyim hərbi vəzifəyə bu gün, müharibə zamanı yenidən təyin olunmuşdum- məni HHQ-nə təsadüfən gətirməmişdilər. Komandirlərimizin vaxtında, dəqiq icra etdikləri döyüş əmrləri, təkcə bir barmaqları ilə basdıqları “Pusk” düymələri nəticəsində hələ müharibənin ilk həftələrində Ermənistan Hərbi Hava Qüvvələrinin bir neçə bahalı Su-25 döyüş təyyarələri Cəbrayıl və Qubadlı rayonları istiqamətində vuruldu. Bütün bunlara şahid olmaq, şanlı döyüş əməliyyatlarında iştirak etmək məni və bütün əsgər yoldaşlarımı qürurlandırırdı. Yüksək rütbəli komandirlərimiz bizimlə görüşə gələndə deyirdilər ki, sizin xidmət etdiyiniz qoşun növünün döyüşü cəmi 46 saniyə çəkir. Bu saniyələr ərzində siz bütöv bir ordunun işini görüb düşmənə ən ağır itkini yaşadarsınız və bütün müharibənin taleyini həll edərsiniz. HHQ Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına daxil olan müasir və etibarlı “Buk-MB” zenit-raket divizionunun kompleksləri vasitəsi ilə  düşmən hədəfləri aşkar edilirdi, avtomatik izlənməyə götürülürdü və dəqiq, düzgün qərar qəbul edilərək atəş açılırdı, məhv edilirdi. Ölkəmizin hava məkanının 24 saat fasiləsiz mühafizəsini təmin edirdik, düşmənin istənilən təcavüzü dərhal dəf olunurdu.

- Qarşı tərəfin hücumlarının qarşısını necə alınırdı?

- Yadınızdadırsa, Ermənistanın hərbi rəhbərliyi döyüşlər başlayarsa, Mingəçevir su anbarına raket zərbələrinin endiriləcəyini deyirdi. Bu təhdidlər də HHM Qoşunlarımızın üzərinə daha böyük məsuliyyətlər qoyurdu. Mingəçevirin vurulması nəticəsində ölkədə ən böyük faciə yaşanardı. 8 rayonumuz su altında qalardı. Minlərlə insanımız bir anda həyatını itirərdi, ölkəmizdə ağır böhran yaşanardı. Müharibənin ən həlledici anlarında ölkə elektrik enerjisinə möhtac qalardı. Bilirsiniz bu nə deməkdir?! Bu, ən dərin məğlubiyyət və “son” demək idi. Xidmət etdiyim qoşun növü, yəni HHV, Hava Hücumundan Müdafiə Qoşunları da müharibənin ilk anlarında ölkəmizdən ən strateji, dövlət əhəmiyyətli obyektlərinin müdafiəsini təşkil etmişdi. Heç bir qanuna, normalara əməl etməyən ermənilərin əsas hədəfi Mingəçeviri vurmaq və döyüşün taleyini öz xeyirlərinə həll etmək idi. Onların bütün cəhdləri uğursuzluqla nəticələndi. Belə ki, Azərbaycanın ən strateji obyektinə atdıqları raketlər havadaca zərərsizləşdirdik. Düşmənin Qarabağdan deyil,  birbaşa Ermənistan ərazisindən göndərdiyi raketlər ən bahalı S-300 zenit raket kompleksimizdən açılan dəqiq atəşlə məhv edildi. Buna canlı şahid olmaq qürurverici idi.

- Gəncə təxribatları ilə bağlı nə deyə bilərsiniz?

- Hər kəs yaxşı bilir ki, düşmən yalnız cəbhə xəttində döyüşmürdü. Ermənilərin əsas hədəfləri həm də dinc sakinlər idi. Gəncə şəhərinə endirilən raket zərbələri buna sübutdur. Xeyli sayda mülkü sakinimiz həyatını itirdi, xəsarət aldı. İnsanlar qorxu, təlaş, vahimə yaşadılar. Həmin hadisədən bir neçə saat sonra mənim də xidmət etdiyim bölməni ora göndərdilər. Düşmən yenə də öz mənfur niyyətindən əl çəkmədi. Gəncəyə daha bir hava zərbəsi endirməyə gələn düşmən hədəfini komandirlərimiz gecə saatlarında havada məhv etdilər. Nəticədə Gəncədə daha bir böyük faciənin baş verməsinin qarşısı uğurla alındı. Bunun üçün komandirlərimizə minnətdar olmalıyıq. Əlbəttə, baş verənlər mənim üçün də böyük qürur idi. Çünki həmin zenit raket texnikasının döyüş heyətinə mən də daxil idim. Döyüş heyətimiz orda olduğu zaman düşmən bir daha Gəncəni hədəf seçmədi. Ardınca xidmət etdiyimiz bölmə Qubadlı, Zəngilan, Cəbrayılda uğurlu əməliyyatlar keçirdi. Düşmənin bütün hədəflərini havada məhv etdik. Səmamız aydın və təmiz olduqdan sonra qələbə də bizim oldu.

- Qələbə sevinci nələrə başa gəldi?

- Həyatımda heç vaxt görmədiyim, heç vaxt getmədiyim dağ-təpələrdə çadır qurub yaşadıq. İlk baxışda “toy çadırlarına” oxşasa da, tamamilə fərqli xüsusiyyətlərə malik idilər. Həmin çadırlarda yeni həyata qədəm qoyulmurdu. Əksinə, hər an həyatla vidalaşa bilərdik. Qızğın döyüşlər zamanı çox çətinliklə də olsa bizə “katyol”larda ordu yeməyi gətirirdilər. O çörək daş kimi möhkəm olmasına, yemək növlərinin 44 gün heç dəyişməməyinə rəğmən, heç birimiz şikayət etmədən yeməyimizi yeyib, vəzifəmizin başına tələsirdik. Fərqi yoxdur, komandir, ya da əsgər - hamımız o "katyollar"dan yemək yeyirdik. Xalqımız da sağ olsun, öz yemək paylarından bizə də göndərirdi. İlk vaxtlar camaatın göndərdiyi o yemək, sovqatlara yaxın getmirdim. Əsgər yoldaşlarım təkid edirdilər ki, sən də ye. Fikirləşirdim ki, axı mən bunlara dəstək olmaq üçün könüllü gəlmişəm, indi bura göndərilən sovqata necə şərik çıxa bilərəm? Gedib "katyollar"da gələn ordu yeməyindən yeyirdim. Sonralar hər şeyə öyrəşdim. Bəzən içməli su tapmasaq da, bədənimiz suya, çimməyə həsrət də qalsa da, bütün bunlar bizə çətinlik yaratmırdı. Hamımızın bir arzusu vardı: Qələbə! Düşmən texnikalardan çıxan şüalar vasitəsitəsi ilə yerimiz aşkar edilirdi. Bu zaman saniyələr ərzində köçmək, həmin ərazidən yox olmaq əmri verilirdi. Böyük əziyyətlə, zəhmətlə saniyələr ərzində yerdəyişmələr edirdik. Hər dağda, təpədə yenidən həyata başlamalı olurduq. Ərazidən vaxtında çıxmasaydıq, bu gün sizə müsahibə verə bilməzdim. Həm düşmənlə, həm də saniyələrlə yarışırdıq. Ordumuzdakı ruh yüksəkliyi bizi qələbəyə həvəsləndirirdi. Biz-könüllü əsgərlər saniyələr əzində həmin ağır texnikaları, silahları bir-yerdən başqa yerə daşımaq üçün elə bir yarış qururduq. Bunu sözlə təsvir edə bilmirəm...  Bir dəfə də təcili “yer dəyişmə” əmri verildi. Tez icra etməsəydik, düşmənin uğurlu hədəfinə çeviriləcəkdik. Könüllü əsgər yoldaşlarımla birlikdə həddən artıq ağır yükləri əlimizlə, çiyinimizdə bir təpədən-digərinə apardıq. Halbuki heç kim bizə  ağır yükləri əlinizdə daşımaqla bağlı əmr verməmişdi. Bu ordumuzdakı ruh yüksəkliyinin ən gözəl nümunəsidir. Biz bu işləri böyük həvəslə görürdük. Hətta işini görmək istəməyən vəzifəlinin də yerinə çalışırdıq. Bəzən bizə ətrafdan deyən olurdu: «Ay bədbəxtlər, biz bu gün maaş aldıq. Siz aylardır ki, pul, ev üzü görmürsünüz. Bu, bizim işimizdir. Siz nə üçün özünüzü öldürürsünüz?!”.  Bunlar nə qədər ağır fikirlər olsa da, bizim üçün önəmli deyildi. Azərbaycan ordusunun könüllü əsgərləri idik və öz vəzifəmizi layiqincə yerinə yetirirdik. Hər uğurlu yerdəyişmədən sonra könüllü əsgərlərin kim olduqlarını, gördükləri işin əhəmiyyətini yaxşı başa düşürdülər və dilə gətirdilər. Döyüşlər yeni başlamışdı. Bizim çox yaxınlığımızda yerləşən digər qoşun növünə məxsus hərbi hissədən canlı itkilər həddən çox idi. Dost, qardaşlarımızın ölüm xəbərlərini alırdıq. Bizə nəfəs qədər yaxın idilər. Amma fərqli qoşun növləri idik. Ürəyimiz parça-parça olsa da, öz vəzifəmizi layiqincə yerinə yetirməli idik. Günahkarların layiqli cəzasını aldığını eşidəndə ürəyimiz bir az rahatladı...Düşmən  amansız idi və  ani bir səhv bərpası mümkünsüz nəticələrə səbəb olardı. Buna görə də bütün beynimizi döyüşə, qələbəyə kökləmişdik. Heç kim ölümü düşünmürdü. Hətta ən yaxınlığımıza düşən raket zərbələri də bizim döyüş əhvalımıza təsir etmirdi.

-Başqa hansı xatirələri oxucularımızla bölüşmək istərdiniz?

-Bir dəfə gecə ərazidə növbədə idim. Qanlı döyüşlər gedirdi. Hər tərəf zülmət qaranlıq idi. Yalnız raketlərdən çıxan alov, dron, PUA və hava şarları yeri işıqlandırırdı. Birdən  komandirimizi ərazidə gördüm. Cəmi bir neçə saat öncə eşitmişdim ki, onun ən yaxın 3 dostu şəhid olub. Əvvəlcə baş sağlığı vermək istədim. Amma uyğun söz tapa bilmədim. Çox asta səslə dedim ki, kaş müharibə bu gün başa çatardı. Elə həmin an komandirim üzünü mənə tərəf çevirdi: “Müharibə davam etməlidir. Bütün torpaqlarımızı azad etməliyik ki, şəhidlərimizin qanı yerdə qalmasın!”-dedi. Dekabr ayının 28-də yaşımın çox olmasına görə ordudan tərxis edildim. Əgər 3 gün də gec buraxılsaydım indiyədək əziyyətlə, böyük əməklə tapıb araşdırdığım, üzə çıxardığım bütün eksklüziv müsahibələrimi yayımladığım saytım illik ödənişini yubatdığım üçün tamamilə bağlanacaqdı. Beləliklə, bütün jurnalist əməyim yenə də yox olacaqdı. Yəqin, bu dəfə çox sevdiyim jurnalistika ilə də vidalaşacaqdım. Yenə də saniyələrlə savaşmalı oldum... Müharibədən aldığım maaşı da həmin ödənişlərə sərf etdim. Məni ən çox yoran isə müharibədən sonra evə qayıdanda qarşılaşdığım medal söz-söhbətləri oldu. Bəzi insanlar hal-əhval tutmamış «neçə medalın var?” sualını verirdi. Onlara demək istəyirəm ki, mən gedib Tovuz döyüşlərinin ikinci günü könüllü əsgər kimi komissarlıqda qeydiyyata düşəndə o göy üzlü dəftərə  medal, maaş, mükafatlar, nə bilim, nələrsə veriləcəyi yazılmamışdı... Mən bu Vətən qarşısında borcumu ödədim. Həmçinin minlərlə medalsız könüllü əsgər yoldaşlarım da bu Vətəni dar gündə tək qoymadılar. Bu Vətən üçün könüllü ölümə getdik.

- Havadan müdafiə qoşun növündə xidmət etdiyinizə görə soruşuram, müharibədə PUA -ların əhəmiyyətini nədən ibarət oldu?

- Sentyabrın 26-sı idi. Bizi səfərbərlik təlim mərkəzindən bölüb dağ-təpələrdə qurulmuş çadırlara gətirmişdilər. Səhər saat altı tamam olardı. Birdən çadırın qapısı möhkəm aralandı və bir gənc içəri daxildi. Həyəcanlı halda dedi: “Komandir, siqnal verildi!”. Hələ heç adını da bilmədiyimiz komandirimiz qışqıraraq müharibə başladığını elan etdi. Yəni erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına start verildi. Müharibənin taleyinin Azərbaycanın xeyrinə həll olunmasında PUA-ların rolu birmənalı olaraq danılmazdır. Döyüş PUA-ları vasitəsi ilə həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirdik, həm də artilleriya atəşinə uğurlu cavablar verdik. PUA-larla ötürülən dəqiq kəşfiyyat məlumatları nəticəsində düşmən hədəfləri saniyələr ərzində məhv edildi. Bu, həm də PUA-ların, dronların savaşı idi. Ən bahalı hərbi texnikaların, qırıcı, helikopterlərin də işini PUA-lar çox uğurla yerinə yetirirdi. Döyüşün ən qızğın vaxtında bəzən sükut çökürdü. Düşünürdük ki, yəqin, Ermənistan yenə pozmaq üçün “atəşkəs” istəyir. Bu zaman dronlar öz işini görürdü. Bəzən səssiz, bəzən də uzun davam edən səslə dronlar təftişə başlayırdı. “Harop” zərbə pilotsuz uçuş aparatları, “Zərbə” dronları və digər PUA-lar, xüsusilə də “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qələbəmizdəki rolu danılmaz həqiqətdir. Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını darmadağın etdi. Pilotsuz An-2 təyyarələrimiz Ermənistanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri dəqiq aşkarlayırdı. PUA-lardan müxtəlif məqsədlər üçün istifadə edilirdi. PUA-ların ötürdüyü məlumatlardan bir neçə dəqiqə sonra artilleriyaçılarımız da düşmən mövqelərinə dəqiq zərbələr endirirdilər. Məhz bütün bunların sayəsində hərbi əməliyyatların ilk 2-3 həftəsindən Ermənistanın hava hücumundan müdafiə sistemləri ən ağır zərbələrə məruz qaldı və məğlubiyyətə düçar oldu. Həmçinin Hərbi Hava Qüvvələrimizin silahlanmasında yer alan “Buk-MB”, S-300 PMU2  “Favorit” və xaricdə istehsal olunan digər müasir sistemlər düşmənin bütün hava hücumu vasitələrini məhv etdi.