Hikmət Mirzəyevi tanıyaq:“Onunla döyüşmək intihara bərabərdir” – Əfsanəvi sərkərdə !

“Demə düşmənə şok yaşatmaq üçün təkcə Hikmət paşanın adını çıkmək kifayət imiş”

“Ali Baş Komandan İlham Əliyevin onu Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”

“İnternatda böyüyən əsgəri şəhid olanda H.Mirzəyev onu qucaqlayıb, hönkür-hönkür ağlayıb”

“General dedi ki, siz özünüzü qoruyun, məndən nigaran qalmayın”

Əzəmət, vüqar simasında məskən salmış bir adam düşünün. Gözlərindəki dərinlik, üzündəki məğrurluq nələr danışır, nələr… Amma özü susur. Gördüklərini də, yaşadıqlarını da, elə özünü də gizlədir. O, sirr qutusudur, hər kəsə maraqlıdır. Şuşa fatehi, general-leytenant Hikmət Mirzəyevi deyirəm. Çoxları Vətən müharibəsində tanıdı cənab generalı. Bir də illərdir keçdiyi şərəfli hərb yolu var.
Onun haqqında məqalə hazırlayanda çox axtardım, oxuculara ətraflı məlumat vermək üçün araşdırdım. İnanın, Hikmət Paşanın yaşı da bilinmir. Sadəcə Biləsuvarda dünyaya göz açdığı məlumdur. Fəqət təvəllüdü neçədir bəlli deyil. Yalnız təxmin edə bilərik, hər halda 40-dan çox olar. 
Hə, Hikmət Mirzəyevin ömür yoluna nəzər salırıq:

Hikmət İzzət oğlu Mirzəyev Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlıların komandanıdır. Ümumilli Lider Heydər Əliyevin prezident olduğu illərdə polkovnik–leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini məhz Heydər Əliyevin özü təqdim edib. 19 yanvar 2002-ci il tarixində Ulu Öndərin sərəncamına əsasən Hikmət Mirzəyevə general-mayor ali rütbəsi verilib.



Eyni zamanda Hikmət Mirzəyev 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyi üçün Heydər Əliyevin fərmanına əsasən “İgidliyə görə” medalı ilə təltif edilib. 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmət” ordeninə layiq görülüb

Hikmət Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O zamanki 4 günlük döyüşlərdə qazandığımız zəfərlər, məhv edilən erməni qüvvəsi elə Hikmət Paşanın adı ilə bağlıdır.

44 günlük Vətən müharibəsində də Hikmət Mirzəyevin həm özü , həm də aslanları düşmənin nəfəsini kəsdilər. Cəbrayıl rayonunun işğaldan azad edilməsi əməliyyatı generalın başçılığı ilə həyata keçirilib. Həmçinin Hikmət Paşa və xüsusi təyinatlıları Şuşanın azad edilməsində misilsiz qəhrəmanlıq göstəriblər. Bu səbəbdən də onlara "Şuşa fatehləri" deyirlər. Həm də mənfurların canına müdhiş qorxu salıblar. Xüsusilə də general-leytenant Hikmət Mirzəyev ermənilərin qorxulu röyası olub. Demə, düşmənə şok yaşatmaq üçün təkcə Hikmət Paşanın adını çəkmək kifayət imiş.

Ali Baş Komandan Cəbrayılın və Şuşanın işğaldan qurtuluşu münasibətilə H.Mirzəyevlə danışaraq ona təbriklərini çatdırıb.

Müharibədən sonra ölkə başçısı generala “Vətən müharibəsi qəhrəmanı” adı verib, onu Cəbrayıl, Füzuli, Qubadlı, Kəlbəcər və Şuşanın azad olunmasına görə medalları ilə təltif edib. Ötən il tarixi 10 dekabr paradında Hikmət komandanla birlikdə Xüsusi Təyinatlı Qüvvələrin bir hissəsi xalqın qarşısına çıxdılar. Hər kəs kimi mənə də Hikmət Paşa maraqlı gəlirdi. Onun üzünə diqqətlə baxdım. Simasındakı ifadəni sözlə izah edə bilmərəm. Amma bir cümlə oxudum və hisslərimə tərcüman oldu :


 
“Generalın üzündə övladını itirmiş bir atanın kədəri var”. Bəli, o ağrını hiss etmək olurdu. Lakin qüruru və məğrurluğu, özünəməxsus şux duruşu da yerində idi. Dosta fəxarət, düşmənə göz dağı bəxş edirdi.

 Onun haqqında sosial şəbəkələrdə bir əfsanə dolanır:

“Hikmət Mirzəyev çox sərt xarakterə malik, təmkinli, soyuqqanlı və hər bir addımını yüz ölçüb-biçən hərbçidir. Onu təəccübləndirmək və nə isə diktə etmək çətin məsələdir. Üz cizgiləri hər şeyi deyir. Ancaq internatda böyüyən əsgəri şəhid olanda H.Mirzəyev onu qucaqlayıb, hönkür-hönkür ağlayıb”.
İnanıram. O sərt baxışların arxasında belə qəlbi təmiz, kövrək adamın olduğuna əminəm. Zatən ona görə araşdırmaq istədim Hikmət Paşanı.
Onu tanıyanları tapmaq üçün çox çalışdım. 

"Sherg.az"la həmsöhbət olan Rəşadət Mirzəyev onu qiyabi tanıdığını  bildirib:

“Mən Hikmət Mirzəyevi 20-22 il öncədən tanıyıram. Haqqında xeyli xoş söz eşitmişəm. Mərhum əmim oğlu Məhəmməd Mirzəyev onun mühafizə xidmətində “N” saylı hərbi hissədə əsgərlikdə olub. Bir ildən çox xidməti müddətində danışdıqlarından Hikmət Paşanı yaxından tanıyır kimiyəm. O, əsgərini sevən zabit və komandirdir.

Əmim oğlu əsgərliyini Hikmət Mirzəyevlə birgə keçirmişdi. Heyf ki, bu gün onun adını eşidəndə Məhəmmədə müjdə verə bilmirəm. Hikmət Mirzəyev Azərbaycan Respublikasının qürurudur”.

Şübhəsiz ki, elədir. Hikmət Paşayla biləsuvarlılar xüsusilə qürur duyur. Bu rayondan olan Nurlan Mirəli söyləyir ki, o, uşaq olanda  Hikmət Mirzəyev rayondan çıxıb. Ona görə yaxından tanımır, amma fəxr edir:



“Onunla eyni rayonda doğulmuşuq,eyni küçələrdən keçib, məktəbə getmişik. Eyni məhəllələrdə oynamışıq, eyni kanalın suyunu içmişik. Qardaşını, qardaşı və bacısı uşaqlarını, bütün qohum-əqrəbasını tanıyırıq, çox səmimi olduğumuz yaxınları var. Bunun  qürurunu yaşamaq başqa hissdir. Bütün yaşananlar tarixdir və tarix yazılırsa, orada Şuşa fatehi Hikmət Mirzəyev də var. Hikmət Paşa qürurumuzdur”.

Generalı yaxından tanıyan Zeynal Ağayev onunla bağlı bunları söyləyib:

"Mən fərqli Hikmət gördüm, belə deyildi. O qədər xəyanət onu dəyişmədi. Lakin son itkilər generalı çox incidir. Hikməti ad alması ilə bağlı təbrik etdim. Dedi, hamısı uşaqların sayəsindədir: "Mən nə etmişəm ki?". Heyf, Hikməti yaxından tanımırsınız. Sadə, vətənpərvər insandır. Haqsızlığa qarşı dözümlüdür. Vallah, o, bir nağıldır".

Jurnalist Elçin Alıoğlu isə Hikmət Mirzəyevlə döyüşdə üz-üzə gəlməyin intihar olduğunu düşünür:

“O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir. Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”.

Onunla birgə savaşan və adının çəkilməsini istəməyən igidlərindən biri  xatirələrini belə yada salır:

“Çox sərt və qəddar görünür. Lakin bir o qədər də həssas, istiqanlı insandır. O, qorxu nədir bilmir, tanımır. Döyüşdə mərmilər yağış kimi səpələnirdi. Bir tərəfdən də  düşmən snayperləri bizi nişan alırdı, başımızı qaldıra bilmirdik. Amma o, uzaqdan bizi gördü, ayaq üstə, yeriyə-yeriyə yanımıza gəldi. Bir az söhbət elədi ki, kefimiz açılsın. Sonra eynilə mərmi yağışının içindən durdu getdi. Hətta bizim uşaqlardan biri qalxıb, onu snayper atəşindən qorumaq üçün yanında getmək istədi. General dedi ki, siz özünüzü qoruyun, məndən nigaran qalmayın. Ümumiyyətlə, çox mərd və cəsarətli adamdır. Öz şəxsi heyətini, XTQ mənsublarını kiməsə əzdirməz. Bir də nə isə problemimiz olanda, başqaları kimi incitmək əvəzinə arxamızda durur. Məsələ həll olunana kimi bizdən əl çəkmir. Belə bir cəngavər savaşçıdır”.



Hərbi ekspert Ədalət Verdiyev də Hikmət Mirzəyevlə bağlı fikirlərini bizimlə bölüşüb:

 “Onunla 1992-ci ildə birgə xidmət etmişəm, sonra ayrılmışıq. Bilirəm ki, həm Birinci, həm də İkinci Qarabağ savaşında kifayət qədər uğurla iştirak edib. Hikmət peşəkar hərbçidir. Əvvəlcə hərbi məktəbi, sonra Türkiyədə hərbi akademiyanı bitirib. Ardınca Xüsusi Təyinatlıların kurslarından sertifikatlar alıb.

Azərbaycanda hərbçi kimi nümunə axtarsaq, birinci general-leytenant Hikmət Mirzəyevi göstərmək olar. Sadə olmaqla yanaşı tələbkar, peşəkar, öz işinin ustasıdır.
Nə vaxtsa Hikmətdən uyğunsuz hərəkət, söz görməmişik. Görəcəyimizi də düşünmürəm”.

Ümid edirəm ki, sizə Hikmət Paşanı daha yaxşı tanıda bildim. İndi isə elə onun özünə sözüm var.



Cənab general, bir gün oxumağınız ümidilə yazıram. Biz general dərdinin, itkisinin nə olduğunu yaxşı bilən millətik. Bir dağımız devrilib, ürəyimizə dağ çəkdi. Yəqin siz də çox üzüldünüz. Adını çəkəndə nitqim tutulur, ona görə çətinliklə deyirəm, general-mayor Polad Həşimovun şəhadətindən danışıram. Əksəriyyət onu sağlığında tanımadı.

Bu üzdən dərdimiz də ikiqat çoxdur. Nə xoş ki, sizi tanıyırıq, bilirik. Şuşa fatehimiz Hikmət Mirzəyev, sizə sonsuz hörmətimiz və sevgimiz var. Bunu əminliklə, bütün xalqın adından qeyd edirəm. Siz də şəhid atasısınız, axı döyüşdə itirdiyiniz hər əsgərinizi övladınız kimi sevirdiniz. Ona görə həm də tanrıdan sizə səbr diləyirəm. Sizdən bir müsahibə ümidilə...Var olun, PAŞAM !

Hazırladı: Samirə Ərəbova