ABŞ mətbuatının tədqiqatçısı: “Qərbdə qəzeti həvəslə oxuyanlar var”

“Nə qədər texnoloji inkişaf getsə də, ənənəvi oxu mədəniyyəti, klassik bilgi mənbəyinə maraq hələ də qalıb”

“Düşünürəm ki, mətbu nəşrlərə bizdə meyili artırmaq üçün formatda bir qədər dəyişiklik etmək olar”

“Məsələn, qəzetlərin standart həcmində dəyişiklik etmək, materialında fərqlilik yaratmaq, tam və ya yarı rəngli çapa keçmək, data vizuallaşmalar təqdim etmək olar”

“Eyni zamanda yazıların məzmununa da fərqli yanaşmaq olar- qısa, lakonik və rəngarəng məqalələr, yaxud onlayn versiyada təqdim olunan maraqlı araşdırma yazılara keçmək mümkündür”


Ölkəmizdə qəzetçiliyin mövcud vəziyyəti göz qabağındadır. Etiraf edək ki, 1990-cı illərin qaynar mühiti indi yoxdur. Daha doğrusu, o qaynar mühiti yaratmaq üçün gərəkən imkanlar illər əvvəl ya vəlvələdən, ya da zəlzələdən çərçivəyə salındı. Bu mənada qəzetlərin əlçatımlığı və oxunaqlığı qismət zəiflədi. Amma məsələ ondan ibarətdir ki, bir sıra Avropa ölkələrində çap mətbuatına inam hələ də ölməyib. İnsanlar qəzetlərdəki ən yeni xəbərləri oxuyaraq səhər yeməyi yeyirlər. Görünür, Qərb və Şərq media sistemləri arasında ciddi fərqlər var. Deməli, nə qədər ki, gec deyil, Avropa mətbuatındakı tendensiyaları öyrənməli və tətbiq etməliyik. Şübhəsiz, ancaq müsbətləri...

Odur ki, “Sherg.az” olaraq BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Vəfa Zahidqızı ilə birlikdə Azərbaycan və ABŞ KİV sistemlərini təhlil etdik:

-Qəzetçiliyi yaşatmaq üçün ABŞ mətbuatından nələri götürməliyik?

-Ümumiyyətlə, istər jurnalistika nəzəriyyələri, istərsə də medianın trendləri baxımından ilk elementlər, müasir tendensiyalar Qərb ölkələrindən, daha dəqiq desək, ABŞ-dan gəlir. Bu gün araşdırma jurnalistikası sahəsi kimi geniş yayılan makreykerlik, “bulvar mətbuatı”, “sarı mətbuat”, 24 saat xəbər yayımlı kanallar, data jurnalistikası və digər yeniliklər ilk dəfə məhz ABŞ-da formalaşıb. Hazırda bütün dünyada ənənəvi kütləvi informasiya vasitələri sıradan çıxsa da, “The New York Times”, “The Washington Post”, “USA Today”, “The Wall Street Journal” kimi transmilli qəzetlər hələ də populyarlığını itirmir. Onların onlayn versiyaları yayımlansa da, mətbu nəşrlərini Qərb ölkələrində qəzeti həvəslə oxuyanlar var. Media texnologiya ilə sıx bağlıdır. Heç kim medianın gələcəyini əvvəlcədən görə bilməz. Çünki hansı yüksək texnologiyanın meydana gələcəyindən xəbər vermək mümkün deyil. Amma nə qədər inkişaf getsə də, ənənəvi oxu mədəniyyəti, klassik bilgi mənbəyinə maraq hələ də qalıb. Düşünürəm ki, mətbu nəşrlərə bizdə meyili artırmaq üçün formatda bir qədər dəyişiklik etmək olar. Məsələn, qəzetlərin standart həcmində dəyişiklik etmək, materialında fərqlilik yaratmaq, tam və ya yarı rəngli çapa keçmək, data vizuallaşmalar təqdim etmək olar. Eyni zamanda yazıların məzmununa da fərqli yanaşmaq olar- qısa, lakonik və rəngarəng məqalələr, yaxud onlayn versiyada təqdim olunan maraqlı araşdırma yazılara keçmək olar. Həftədə bir gün qəzetləri reklam üçün pulsuz paylamaq mümkündür. Bundan başqa, müxtəlif müsabiqələr keçirmək məqsədəuyğundur. Menecerlər vasitəsilə sosial mediada qəzetin materiallarını təbliğ etmək tendensiyası da var. Hər şey dəyişir və inkişaf edir. Mən bu gün oxucu kimi qəzeti əlimə alıb dəyişiklik görmürəmsə, gələn dəfə qəzet almağa meyillənməyəcəm.

-Qərb hər vəchlə mətbuatda təbliğata “yox” deyir. Bəs özü buna nə qədər əməl edir?

-“Təbliğat” sözü bəlli səbəblərdən mənfi çalarlarla yüklənib. Amma onun pozitiv tərəfləri də var. Maarifləndirmə, vətənpərvərlik hisslərinin təbliği  nöqteyi-nəzərindən medianın rolu çox böyükdür. Biz bunu 44 günlük Qarabağ savaşında da aydın gördük. Biz bunu koronavirus pandemiyası dönəmində də aydın müşahidə etməkdəyik. Media çox güclü silahdır. Fərqi yoxdur, Qərb və ya Şərq ölkələrində, təəssüf ki, media bəzən hər yerdə alətə çevrilir, bütün dünyada auditoriya hazırda hamını narahat edən virus və onun mutasiyası ilə bağlı məlumatları məhz mediadan alır. Əgər bu bioloji silahdırsa, onu idarə edənlər də medianı bir alət kimi istifadə edirlər. Həmçinin ABŞ-da 2020-ci il seçki kampaniyası zamanı sosial medianın xüsusi rolunu da gördük.  

-Qəzetin dizaynı, maketləşməsi ilə bağlı iki ölkə mətbuatında hansı fərqlər var?

-Təbii ki, ABŞ-la Azərbaycan mətbuatını müqayisə etmək düzgün olmazdı. Çünki onların keçdiyi tarixi inkişaf yolu və maddi-texniki baza çox fərqlidir. Qəzetlərin həcm, dizayn, hətta şrift fərqləri çox böyükdür. Amerikada nəşr olunan bir qəzet 15-20 səhifədən ibarət ola bilər. Ümumiyyətlə, aramızda olan ən ciddi fərq bizdə ixtisaslaşmanın olmaması, bizim jurnalistlərin trendlərə çox gec adaptasiya olmaları və onların araşdırmaya meyil göstərməmələridir. Məsələn, bu yaxınlarda iki oğlunu cəbhədə itirən bir ananın hekayəsi paylaşıldı. Hətta bir çox ciddi media vasitələri də faktı dəqiqləşdirmədən sözügedən müsahibəni yayımladı. İstərdim ki, bizdə araşdırma jurnalistikası inkişaf etsin. Bir mövzu ilə bağlı uzun və silsilə materiallar verilsin.

-“Jurnalist əvvəlcə vətəndaş, ya professional olmalıdır?” dilemmasına ABŞ-da və Azərbaycanda münasibət necədir?

-Onoro de Balzak deyirdi  ki, ingilis və fransız jurnalistləri arasında böyük fərq vardır. İngilis əvvəlcə ingilis, yalnız bundan sonra jurnalistdir. Fransız isə əvvəlcə jurnalist, yalnız bundan sonra fransızdır. Fikrimcə, ABŞ media məkanında peşəkarlıq üstün görünsə də, vətən və vətəndaşlıq ideyaları bizdəki qədər güclü ola bilməz. Düzdür, orada digər Qərb ölkələrindən fərqli olaraq, ailə dəyərləri, mənəvi bağlar daha çox qorunur. Ancaq bizə görə vətəndaşlıq mövqeyi daha üstündür. Bizim jurnalistlər üçün Vətən mövzusu çox həssasdır və hər şeydən üstündür. Biz Dağlıq Qarabağ həqiqətlərinin yayılmasında bunun hər zaman şahidi oluruq.