İlkin Süleymanovun istintaq prosesi 4 ay uzadılıb: “Qərardan narazıyıq”

Fevralın 1-də Nəsimi rayon məhkəməsində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun istintaq prosesi 4 ay uzadılıb. Bu gün Apellyasiya məhkəməsində istintaqın uzadılmasına dair İ.Süleymanovun şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarına əsasən, şikayət təmin olunmayıb və istintaq yenidən 4 ay müddətinə uzadılıb.



Məhkəmənin qərarı ilə bağlı İ.Süleymanovun qardaşı Adil Süleymanov “Sherg.az”a açıqlama verib.

A.Süleymanov qeyd edib ki, qardaşının günahsız olduğuna dair məhkəməyə şahidlər təqdim olunsa da, onları danışdırmırlar:

“Yalnız 1 nəfəri dindiriblər, o da yarımçıq formada. Yerdə qalan 2 şahidi danışdırmırlar. Baş verənlərin ədalətli araşdırılmasını istəyirik. Qardaşımın heç bir günahı yoxdur”.

İ.Süleymanovun əmisi oğlu Tariyel Süleymanov da məhkəmənin qərarından narazıdır:

“İstintaqın 4 ay uzadılması bir daha sübut edir ki, hələ də ağıllanmayan məmurlar var. Yetərli dəlil və sübutlar yoxdur, amma İlkini günahsız yerə həbs ediblər”.