Minsk qrupu qalır, ya gedir ? - “Qərarı Azərbaycan verəcək”

Dünən Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub. Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov rusiyalı həmkarı Andrey Rudenko ilə danışıqlar aparıb. Müzakirə zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
A.Rudenko müzakirələrdən sonra TASS-a müsahibəsində bəzi məqamlara toxunub. O, qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətini davam etdirməlidir. Rusiyalı diplomat bu formatın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin işlənib hazırlanmasına vacib töhfə verdiyini bildirib. A.Rudenko həmçinin söyləyib ki, bölgədə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətə başlaması regionda vəziyyətin normallaşmasına istiqamətlənmiş birgə səylərə yaxşı nümunədir.

Rusiyalı diplomatın açıqlaması barədə “Sherg.az”a danışan sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Minsk qrupunun fəaliyyətinə dair qərarın qəbul edilib-edilməməsini Azərbaycan tərəfi müəyyənləşdirəcək:

“Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə gəlincə, bu mərkəzin yaranma əsasları çoxdur. Əsas səbəblərdən biri odur ki, iki dövlət dünyada öz yerini və mövqeyini axtarırlar. Rusiya sovet ittifaqının süqutundan sonra azalan nüfuzunu qorumaq üçün Qərblə siyasətini formalaşdırır. Türkiyə isə əskinə güclənən regional bir dövlətdir. Bu dövlət də istəyir ki, dünyada öz yerini tutsun. Hər iki ölkənin bu məsələdə mövqeyi üst-üstə düşür. İndi Rusiya və Türkiyənin əməkdaşlıq etdiyi bir dövrdür”.