Təlim: “Hərbçilərimiz Türkiyə silahlarından istifadəni öyrənir”

“Türkiyə və Azərbaycanın dediyi kimi “Turan” ordusu yaradılır”

“Azərbaycan dünya ölkələrinə mesaj verir ki, tək deyilik. Qardaş Türkiyə və Pakistan yanımızdadır”


Qardaş Türkiyə və Azərbaycanın Qarsda keçirilən birgə hərbi təlimləri davam edir. "Qış təlimi-2021"də Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirakı ilə tank və top atəşləri icra edilib. Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə “Twitter” hesabında paylaşım edib. 

Diqqətə çatdırılıb ki, Türkiyə Azərbaycan birgə təlimlərində iştirak edən qəhrəman tankçılar və topçular hədəfləri dəqiq atəş zərbələri ilə məhv edir. Həmçinin qurumdan təlimlərin sabahkı mərhələsində jurnalistlər üçün açıq olacağı bildirilib. KİV nümayəndələri artıq Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Ankaradan Qarsa gətirilib.

Hərbi təlimlərlə bağlı fikirlərini "Sherg.az"la bölüşən ehtiyatda olan polkovnik Elxan Qəniyev Azərbaycan və Türkiyə arasında keçirilən hərbi təlimlərin vacib əhəmiyyət kəsb etdiyini bildirib:

“Biz Türkiyə ilə birgə  təlimlərin keçirilməsinə həmişə hazır olmuşuq. Yenilməz Ordumuz daha da güclənir. Bu təlimlərdə qardaş Türkiyənin yeni silahlarından istifadəni öyrənmiş olacağıq.

Türkiyə və Azərbaycanın dediyi kimi “Turan” ordusu yaradılır. Prosesin gerçəkləşməsi üçün müəyyən addımlar atır və irəliləyirlər.

Azərbaycan dünya ölkələrinə mesaj verir ki, tək deyilik. Qardaş Türkiyə və Pakistan yanımızdadır. Ona görə hər kəs gələcəkdə nələr olacağını düşünməlidir”.