GUAM PA- ya Gürcüstanın sədrliyi Azərbaycana nə vəd edir? – Şərh

Bu gün GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.

Tədbirdə GUAM Parlament Assambleyasının komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı Parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının Bəyannamə layihəsi və digər məsələlərə baxılıb. 

Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Gürcüstana təhvil verilib. Bundan əvvəl həmin quruma Azərbaycan sədrlik edib. Elə isə indi nələr dəyişəcək?

 Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu “Sherg.az”a açıqlamasında həmin suala Azərbaycan- Gürcüstan əlaqələri kontekstindən yanaşaraq cavab verdi:

“Gürcüstanın Cənub Qafqazda həyata keçirilən layihələrdə birbaşa əlaqəsi var. Eyni zamanda biz iki müstəqil dövlət olaraq bütün sahələrdə əməkdaşlıq edirik. Azərbaycan Gürcüstanın iqtisadi inkişafında və enerji təchizatında mühüm rol oynayır.

Əlaqələrimizin hazırkı xarakteri onu deməyə əsas verir ki, GUAM  PA-ya Gürcüstanın sədrliyi dövründə də ölkəmizin maraqları qorunacaq.

Ümumiyyətlə, bizim əlaqələrimiz inkişafa meyillidir. Gürcüstan isə əlaqələrimizin daha geniş müstəviyə keçməsində  maraqlıdır.

Fikrimcə, Gürcüstanın GUAM PA –ya sədrliyi tərəflər arasındakı münasibətlərin daha geniş məcrada inkişafına zəmin yaradacaq.

Eyni zamanda post- müharibə dövründə Azərbaycanın ədalətli mövqeyi dəstəklənəcək”.