Başqa variant ola bilməz

Qarabağdakı ermənilər ancaq Azərbaycan ordusunda xidmət keçməlidirlər

Ermənistandan gənc əsgərlər artıq Qarabağa göndərilmir. Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb. Məlumatda qeyd edilib ki, orduya qış çağırışı faktiki olaraq fevral ayının əvvəllərində başlayıb və Ermənistandan olan çağırışçılar yalnız ölkə daxilindəki hərbi hissələrdə xidmət edəcəklər. Daha əvvəl mətbuatda və sosial şəbəkələrdə Dağlıq Qarabağın “müdafiə ordusunun” ləğvi barədə məlumatlar yayılmışdı. Qarabağ separatçılarının lideri Araik Arutyunyan isə yayılan xəbərləri təkzib etmişdi.

Xatırladaq ki, Ermənistanda əsgər valideynləri mütəmadi olaraq aksiya keçirərək övladlarının Qarabağda ölməsini istəmədiklərini və onların həmin ərazilərə göndərilməməsini tələb edirdilər.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, bu, Azərbaycanın əldə etdiyi uğurlardan biridir. O, diqqətə çatdırıb ki, 10 noyabr razılaşmasında bu məsələlərin hamısı öz əksini tapıb:

"Nəzərdə tutulub ki, Qarabağ bütövlükdə Azərbaycan ərazisidir. Bu səbəbdən də orda gedən bütün proseslər ölkəmizin nəzarətində olmalıdır. Təbii ki, əgər Qarabağda Azərbaycanın razılığı olmadan hərbi birləşmə varsa, bu, qeyri-qanuni silahlı dəstə hesab olunur. Azərbaycan da buna görə qanunauyğun hərəkət etməlidir. Qeyd edim ki, Qarabağda yalnız Azərbaycanın icazəsi ilə hərbi birləşmə ola bilər. Ya da ki, öz hərbi birləşməsi olmalıdır".

A.Nağı qeyd edib ki, artıq ermənilər yaxşı başa düşür ki, Azərbaycanın bu mövqeyini qəbul etmək lazımdır:

"Dağlıq Qarabağdakı ermənilər əgər hərbi xidmət keçmək istəyirlərsə, bu zaman onlar Azərbaycan ordusunda hərbi xidmətdə olmalıdırlar. Başqa cür də olmalı deyil. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın davamlı şəkildə 10 noyabr razılaşmasının şərtlərinin həyata keçirilməsinin göstəricisidir. Ermənistan artıq məcburiyyət qarşısında Azərbaycanın tələblərini yerinə yetirir".