Ermənilərin Xankəndidən Moskvaya reys xülyası: “Şərtləri biz diktə edirik”

“Xankəndi Azərbaycan ərazisidir, aeroport isə Xocalı aeroportudur”

“Həmin aeroportun bütün ixtiyarı, hüququ, ora kimin gedib-gələcəyi dövlətimizin səlahiyyətindədir”


Ermənistan 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata imza atmaqla məğlubiyyətini etiraf etdi. İmzalanan sənəddə Qarabağ və ətraf rayonlarla bağlı məsələlər qeyd olunub. 44 günlük gərgin hərbi əməliyyatlarla torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü bərpa etdik. Müəyyən zaman çərçivəsində isə sənəddə əks olunan məsələlər həllini tapır.

Hətta yanvarın 30-da Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Buna rəğmən Ermənistan provokasiyalarından əl çəkmək bilmir. Rəsmi İrəvan tarixən olduğu kimi yenə də Azərbaycana məxsus ərazilərdən faydalanmağa çalışır. Separatçı rejim Xankəndidən Moskvaya reys açmaq niyyətindədir.



Milət vəkili Elman Məmmədov Ermənistanın bu xülyası barədə fikirlərini “Sherg.az”la bölüşüb. Parlament üzvü bildirib ki, tarix boyu düşmənin tör-töküntü cinayətkar toplumu müxtəlif iddialar səsləndiriblər:

“Onlar neçə ildir ki, xəstə xülyalar və “böyük Ermənistan” arzusu ilə yaşayırlar. Bəs, nə əldə ediblər? Heç bir şey. Bir sarsaq dövlətləri var, bugün - sabah o da ləğv olub gedəcək”.

Deputat vurğulayıb ki, Xankəndidən Moskvaya reys açmaq isə Ermənsitanın arzu və istəyi ilə baş tutan deyil:

“Azərbaycanda Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidi yoxdur. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə bu qurum ləğv edilib. 

Dağlıq Qarabağ deyilən yer sadəcə bir bölgə və regiondur. Necə ki, şimal, cənub və qərb bölgəmiz var, eləcə də Dağlıq Qarabağ mövcuddur. Xankəndi Azərbaycan ərazisidir, aeroport isə Xocalı aeroportudur.

Həmin aeroportun bütün ixtiyarı, hüququ, ora kimin gedib-gələcəyi dövlətimizin səlahiyyətindədir. Ermənilərin arzu etdikləri 2020-ci ilin 27 sentyabrında qaldı. 44 günlük müharibə vəziyyəti 180 dərəcə dəyişdi.

Müharibəyə qədər onlar qarşımıza müxtəlif şərtlər qoyurdular, istədiklərini edirdilər. Lakin bu gün qalib tərəf  bizik və bütün şərtləri də biz diktə edirik!

Sərhədlərimiz daxilində nələr ola bilərsə, onu yalnız Azərbaycan dövləti müəyyən edir, hansısa cinayətkar toplum yox”.