Pekin geri addım atdı

Çin və Hindistan sərhəddin mübahisəli dağ massivindəki qüvvələrini geri çəkməyə başlayıblar. Bu haqda ilk məlumatı Çinin Müdafiə Nazirliyi yayıb. Hər iki tərəf fevralın 10-dan başlayaraq Panqonq gölünün sağ və sol sahilindəki qüvvələrini sinxron şəkildə geri çəkiblər.
Pekinlə Dehli arasında əldə olunmuş razılaşmaya görə, tərəflər sərhəddə atıcı silahlardan istifadə etməyəcəklər. Məsələ burasındadır ki, 2020-ci ilin iyunun 16-da sərhəddə toqquşmalar zamanı Hindistanın onlarla sərhədçisi həlak olmuşdu. İnsident zamanı atıcı silahlardan istifadə edilməsə də, hindistanlı hərbçilər onlara atılan daşlardan tələf olmuşdular. Çin o zaman itkiləri barədə məlumat yaymasa da, Hindistandakı mənbələr toqquşma nəticəsində təxminən 45 çinli hərbçinin zərər gördüyünü bəyan etmişdi.

Mövcud durumu “Sherg.az”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu iki ölkənin dağ massivindəki sərhəddin illərdir gərginlik mənbəyi olduğunu söyləyib. Analitik qeyd edib ki, Hindistan dağlardan keçən sərhəddi tanımağa hazır olsa da, Çin fərqli siyasət yürüdür və hər fürsətdə sərhəddini irəli çəkməyə çalışır:

“Buna görə də təxminən hər 4-5 ildə bir dəfə sərhəddə gərginlik yaşanır. Dehli ilə Pekin arasında bu mövzuyla bağlı 1993 və 1996-cı illərdə aparılan danışırlar nəticə verməyib”.

“Pekinlə Dehli gərginliyi azatlmağa nədən qərar verdilər?” sualına gəlincə, politoloq vurğulayıb ki, tərəflər hərbçilərini geri çəkməyə və atıcı silahlardan istifadə etməyəcəklərinə boyun olsalar da, sərhədin hardan keçdiyi hələ qeyri-müəyyən olaraq qalır:

“Bu o deməkdir ki, iki böyük ölkə gələcəkdə yenidən sərhəddə toqquşma ehtimalından uzaqlaşmadılar.

Digər bir məqam odur ki, görünür, Çin ətrafındakı çəmbərin daraldığını anlayaraq Hindistanla münasibətləri daha da gərginləşdirməməyə qərar verib. ABŞ-ın yeni prezidenti Co Bayden Pekinlə dil tapmağa çalışacağını vəd etsə də, insan və milli azlıqlar məsələsində Çinə qarşı təzyiqləri azaltmayacağını bildirib.

Ona görə də Pekində düşünüblər ki, eyni zamanda həm Amerika, həm də Hindistanla dalaşmaq Çinə baha başa gələ bilər. Ona görə də Pekin sərhəd məsələsində bir qədər geri addım atmağa üstünlük verib.

Ancaq Pekinin bu fasiləni nə zaman sonlandıracağını söyləmək çətindir. Məsələn, 6 ay əvvəl Çin sərhədçilərinin Hindistan ərazilərini irəriləməsi cəhdi Dehli üçün sürpriz olmuşdu.

Çünki bu insidentə qədər Dehli Pekinlə ortaq iqtisadi və regional layihələri müzakirə etməyə başlamışdı.

Dehlidə düşünürdülər ki, Pekin Hindistanla faydalı əməkdaşlığı sərhəddə bir neçə kilometrliyə irəli çəkməyə qurban verməz. Lakin hesablar yanlış çıxdı”.