Dumanlı və tozlu hava: “Bakıda çirklənmə səviyyəsi yüksəkdir”

Son günlər ölkəmizdə dumanlı və tozlu hava şəraiti hökm sürür. Belə havanın bir çox insan səhhətinə mənfi təsiri qaçılmazdır. Araşdırmalara görə, duman və tozlu hava şəraiti öncə insanların əsəb sisteminə təsir göstərir. 


Havada toz və duman qatının olması psixoloji problemlər yaradır və insanların psixoloji durumu pozulur. Bu cür hava şəraitinin orqanizmi üçün də müəyyən zərərlərinin olduğu iddia olunur.



İnsan orqanizminin iqlim dəyişikliklərinə adaptasiyasının yüksək səviyyədə olduğunu deyən tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla “Sherg.az”a bildirib ki, insanlar heyvanlardan fərqli olaraq belə havadan özlərini qorumaq imkanına malikdirlər: 

“Hesab edirəm ki, duman və tozlu hava, temperaturun dəyişməsi, müxtəlif kataklizmlərə qarşı insanın adaptasiya sistemi kifayət qədər yüksək inkişaf edib. Lakin bir məqamı nəzərə almaq lazımdır: Əslində dumanlı hava sağlamlıq üçün ciddi təhdid təşkil etmir. 
Amma çirkli hava, tozun olması, xüsusilə tikinti işlərinin getdiyi Bakı şəhərindəki tozlar daim nəfəs yollarına keçir”.

Professor son zamanlar Bakının çirklənmə səviyyəsinin yüksəldiyini söyləyib:

“Çünki keyfiyyətsiz, dizel yanacağı ilə işləyən və havaya zərərli maddələr buraxan avtomobillərin sayı günü-gündən artmaqdadır.
 Bütün bunlar ekoloji vəziyyəti pisləşdirir. Bakı şəhərindən çıxıb, hansısa rayonda gedərkən təmiz havada bu durum dərhal hiss olunur.
 İnsan orqanizminə təhdid yaradan belə faktorlardır, nəinki dumanlı hava. Dumanlı havanın olması sadəcə iqlim dəyişkənliyidir.
 Bilirik ki, qar yoxdur və qış fəsli özü öz strukturu ilə dəyişir.

Təbii ki, qış fəsli olduğu üçün dumanlı havanı da normal qarşılamaq lazımdır”.