Gürcü nazirin cavab səfəri: “Təkbətək söhbətlər və təhlillər...”

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək. O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Nazirin sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq: “Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək”.

D.Zalkaliani bildirib ki, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir. Əlbəttə, GUAM PA-ya Gürcüstanın sədrlik etməsindən sonra belə bir səfərin təşkil olunması xüsusi əhəmiyyətlidir. Bu, iki region ölkəsinin qarşılıqlı əlaqələrini bir az da inkişaf etdirəcək. 


 
Gürcüstan nazirinin ölkəmizə səfəri barədə danışan politoloq İlqar Vəlizadə müzakirə pedmetlərini açıqlayıb: 

“Bildiyiniz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu yaxınlarda qonşu ölkəyə səfər etmişdi. Lakin onun gürcüstanlı həmkarı üzrlü səbəbdən görüşə qatıla bilməmişdi. Fikrimcə, bu, cavab səfəridir. Əlbəttə, təkbətək söhbətlər üçün də yaxşı fürsətdir. Müxtəlif məsələlələr, o cümlədən GUAM-ın taleyi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional layihələr müzakirə masasına çıxarılacaq. Postmüharibə dövründə Azərbaycan- Gürcüstan əlaqələrinin təhlil edilməsi də şübhəsizdir”.

İ.Vəlizadənin fikrincə, Gürcüstanı maraqlandıran ən mühüm məsələ nəqliyyat infrastrukturu ilə bağlıdır: 

“Bəziləri düşünürlər ki, Naxçıvan- Mehri dəhlizi açılandan sonra Bakı- Tblisi- Qars yolu öz əhəmiyyətini itərəcək. Fəqət, belə deyil. Şərqdən Qərbə yüklərin daşınmasında həmin yolun müstəsna əhəmiyyəti var. İkinci bir tərəfdən isə, mövcud siyasi-hüquqi baza Bakı-Tblisi-Qars yolunun arxa plana keçməsinə imkan verməyəcək”.