“Ramiz Mehdiyevin islahat aparmaq qabiliyyəti yoxdur”

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib. 
Buna səbəb Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Ə.Quliyevin bülletendə olduğu müddətdə onun R.Mehdiyev tərəfindən işdən çıxarılması olub. 

Ə.Quliyevin yerinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov təyin olunub. O, işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib.



Baş verənləri “Sherg.az”a dəyərləndirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlunun açıqlamasına görə, Ramiz Mehdiyevin bülletendə olan işçini işdən azad etmək hüququ yoxdur:

“Məhkəmə həmin şəxsi işinə bərpa etməlidir. Amma təəssüf ki, məhkəmələrimizdə ədalətsizliyə yol veriblər. Ramiz Mehdiyevi işindən azad etmək lazımdır. Onun işləmək , islahat aparmaq qabiliyyəti yoxdur. Niyə işindən azad etmirlər? Nə üçün camaatı 65 yaşına çatan kimi təqaüdə göndərirlər, lakin bu şəxs vəzifədən getmək bilmir? 

Düşünürəm ki, Ramiz Mehdiyevin Əlövsət Quliyevi işdən azad etməsi ədalətsizdir. Fikrimcə, bu məsələ şəxsi münasibətlərlə bağlıdır. Ola bilməz ki, Ramiz Mehdiyev əmək məcəlləsini bilməsin”.