Rusiyaya qarşı ciddi ittifaq yaradılır

ABŞ Qara dəniz hövzəsindəki ölkələri eyni çətir altında birləşdirdi


ABŞ-ın istəyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır. Bu barədə Polşa mətbuatı yazıb. Məlumatlara əsasən, Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə artıq başlanıldığını bildirib:
“Üçtərəfli birlik ideyasına gəlincə, mən ABŞ-ın dövlət katibi Toni Blinkenə dedim ki, ABŞ Qara dəniz və Mərkəzi Avropa bölgəsində Ukraynaya etibarlı tərəfdaş kimi arxalana bilər. Sizi inandırıram ki, Ukrayna, Gürcüstan və Moldova bu istiqamətdə fəal hərəkət edirlər”.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ Rusiyaya qarşı yeni regional hərbi ittifaq formalaşdırmaqla, bu ölkələrin NATO-ya inteqrasiyasını nəzərdə tutur. Politoloq qeyd edib ki, ABŞ-ın belə bir ölkələrdən Rusiyaya qarşı bir hərbi ittifaqdan istifadə etməsi mümkün deyil:

"Sadəcə olaraq, burada bir sıra siyasi məsələlər var. Əsas plan bu ölkələrdə Rusiyanın təsirinin tam qarşısını almaqdan ibarətdir. ABŞ-ın yeni administrasiyasi Qara dəniz hövzəsində bu ölkələri eyni çətir altında birləşdirib. Əsas məqsədi isə burada öz geosiyasi təsirini artırmaqdır. Rusiyaya qarşı bu ittifaqların formalaşması ciddi bir geostrateji hadisədir. Hesab edirəm ki, Moskva bunu cavabsız qoymayacaq".