Azərbaycan Qarabağda mərhələli şəkildə istəyinə çatır

"Müəyyən qüvvələr yenə də erməni cəmiyyətini aldatmaqla məşğuldur"

Azərbaycanın tam və qəti qələbəsilə başa çatmış 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Bu reallıqların formalaşması əlbəttə ki, ilk növbədə Prezident İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi məqsədyönlü xarici siyasətin və güclü siyasi iradəsinin nəticəsi idi. Eyni zamanda Azərbaycan-Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu bölgədə yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu tərəfdaşlıq regionda sadəcə sülhün və təhlükəsizliyin deyil, həm də qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. O səbəbdən iki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Şübhə yox ki, bundan sonra digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər. Bu isə ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq. 

Göründüyü kimi 10 noyabr və 11 yanvar üçtərəfli anlaşmaları Ermənistandakı revanşist qüvvələrin hay-küyünə və separatçıların təxribatlarına rəğmən, ardıcıl reallaşmaqdadır. Yerevan hökuməti bəzi hallarda könülsüz olsa belə mühüm sənəddə yer alan maddələrin icrasına məcbur qalır. Rəsmi Bakının humanitar məqsədlə yaradılmasına imkan verdiyi Laçın dəhlizi də təxribatçıların üzünə bağlanıb. Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl keçmiş fransalı merin rəhbərliyi ilə bir qrup əcnəbi jurnalist və ictimai xadim Qarabağa getmək məqsədi ilə Ermənistana səfər ediblər. Yerevanda rəsmi şəkildə akkreditə olunan fransızlar Xankəndiyə yola düşsələr də, Rusiya sülhməramlıları onları Laçın dəhlizində saxlayıb və Azərbaycana buraxmayıblar. Sülhməramlılar onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər.

Vurğulayıblar ki, əgər getmək istəyirlərsə, mütləq Azərbaycanda akkreditasiyadan keçməlidirlər. Çarəsiz qalan “qonaqlar” kor-peşman Ermənistanın yolunu tutublar.

Deməli, bundan sonra Laçın dəhlizi təxribatçılar və terrorçular üçün “tranzit vasitəsi” rolu oynaya bilməyəcək. Sevindirici haldır ki, artıq rəsmi Bakının postmüharibə dönəmindəki qətiyyəti və prinsipiallığı tədricən öz işini görür. Ötən gün yayılan xəbərə görə, Ermənistanda orduya qış çağırışı başlasa da, çağırışçıların Qarabağda xidmət keçməyəcəyi məlum olub. Yəni Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan hissəsinə əsgər göndərilməsi dayandırılıb. Ermənistanın kapitulyasiyasından sonra Qarabağda qalan erməni hərbi qüvvələrinin taleyinin necə olacağı barədə neçə vaxtdır müzakirələr gedir.

Əvvəlcə bu birləşmələrin tərkibində yer alan və müharibədə iştirak edən Ermənistan vətəndaşları məzuniyyətə geri çağırılıblar. Onların yenidən Qarabağa göndərilməsinə cəhdlər edilsə də valideynlər aksiyalar keçirərək övladlarının Azərbaycan ərazilərinə göndərilməsinə imkan verməyəcəklərini bildiriblər. Ardınca qondarma “dqr”in “özünümüdafiə ordusu”nun ləğv ediləcəyi haqda məlumatlar yayılıb. Bunlar həm də erməni əhalinin tədricən ölkəmizin ərazi bütövlüyünü tanıması anlamına gəlir. Ümid edək ki, bu tendensiya getdikcə güclənəcək və yekunda Ermənistan adında süni dövlətin rəhbərliyi ictimai rəydən çıxış edərək qonşu ölkələrlə dinc-yanaşı yaşamaq yolu tutacaq. Rusiyalı tanınmış ekspert İqor Korotçenko da “Moskva-Baku” portalına bildirib ki, artıq müharibə bitib və Azərbaycan qalib tərəfdir:

“Bu gün Qarabağda yekun nizamlamanın açarları Bakı və Moskvadadır. Ermənistanda hakimiyyət başında kim olur-olsun, o, Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Ermənistanın hərbi-siyasi çöküşü elə bir faktordur ki, hansısa siyasətçinin iqtidara qayıdışı ilə onu dəyişmək mümkün olmayacaq. Baş verənləri geri qaytarmaq mümkün deyil, yalnız üçtərəfli bəyanatda göstərilənlərin icrasına çalışmaq lazımdır. Başqa alternativ yoxdur”.

Rəsmi Bakının əlini gücləndərin mühüm faktorlar sırasında Ağdamda fəaliyyətə başlamış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də var. Vurğulandığı kimi, Monitorinq Mərkəzi təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. Sirr deyil ki, hərbi əməliyyatların başa çatması öz-özlüyündə hələ bölgədə və regionda sülh və əmin-amanlığın bərqərar olacağına zəmanət ola bilməz. Bunun üçün keçmiş münaqişə zonasında bundan sonrakı proseslərə nəzarət edə biləcək xüsusi quruma ehtiyac var idi. 2020-ci il 10 noyabr tarixdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda da atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Həmçinin bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edilmişdi. Məhz həmin razılaşmanın nəticəsi kimi yanvarın 30-da Ağdam rayonu ərazisində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Qısa zaman keçsə də, artıq Mərkəzin fəaliyyətinin müsbət impulsları sezilməkdədir. Əksəriyyətin fikrincə, yeni yaradılmış Mərkəzdə məhz Türkiyə və Rusiya sülhməramlılarının birgə fəaliyyət göstərməsi Azərbaycanın maraqlarına tam uyğundur. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qalxmış oldu. Türkiyə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynamaqdadır. 

Millət vəkili Aydın Mirzəzadə “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin, şəxsən cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdədir. Deputatın sözlərinə görə, 44 günlük müharibə nəticəsində Ermənistan kapitulyasiyaya imza atmağa məcbur qaldı və torpaqlarımız işğaldan azad edildi:

“Dövlət başçısının ifadələri ilə desək, regionda yeni reallıq yarandı. Artıq 27 sentyabr 2020-ci il tarixinə dönüşdən söhbət gedə bilməz. Suverenliyimizin bərpa edilməsi, torpaqlarımıza sahib çıxmağımız və bütün ərazilərimizdə qanunun aliliyinin təmin olunması istiqamətində atdığımız addımlar göz önündədir. Azərbaycan ərazilərinə istənilən şəxsin daxil olması rəsmi Bakının icazəsi ilə mümkündür. Dünya ölkələri bunu belə qəbul edir. Ermənistan da bu reallığı dərk etməlidir. Yerevan mövcud reallıqları qəbul etməklə ilk növbədə öz müstəqilliyini qoruyacaq və bundan sonrakı inkişafını təmin edəcək. Eyni zamanda Azərbaycanla münasibətlərdən mümkün faydalar əldə etmək imkanı qazanacaq. Əks halda itirən tərəf Ermənistan olacaq. Cənab Prezident dəfələrlə çıxışında vurğulayıb ki, əgər kimsə Azərbaycana qarşı yenidən təhdid yaratmaq fikrinə düşərsə, 10 qat cavabını alacaq. Bunu etmək üçün Azərbaycanın kifayət qədər imkanları, ən əsası siyasi iradəsi var. Bu siyasi iradə ərazi bütövlüyümüzə, xalqın Prezidentin apardığı siyasətə dəstəyinə və günün reallığına söykənir”. 
Parlament üzvü vurğulayıb ki, rəsmi Bakı heç bir addımı ilə beynəlxalq hüququn normalarını pozmur: “Fransadan gələn nümayəndələrin Azərbaycana buraxılmaması və Ermənistan əsgərlərinin ancaq öz qanuni ərazilərində xidmətə cəlb olunması ərazi bütövlüyümüzün addım-addım təmin edilməsi deməkdir. Digər məsələlər də ardıcıl surətdə təmin ediləcək. Sülhməramlıların vəzifəsi bölgədə sülhü bərqərar etmək, Laçın dəhlizindən Azərbaycan ərazisinə qanunsuz girişlərin qarşısını almaqdır. Hesab edirəm ki, Naxçıvana quru yolunun açılması, kommunikasiyaların bərpa edilməsi problemin həllinə maksimum dəstək verəcək. İndiki məqamda Ermənistan daxilində yeni düşüncə oyanışı olmalıdır. Əgər bu baş verərsə, Ermənistan udacaq, əks təqdirdə Azərbaycan yenidən öz iradəsini ortaya qoyacaq”. 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da “Şərq”ə bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra mərhələli şəkildə öz hədəflərinə çatır. Analitik bildirib ki, bütün məsələlər və çözülmüş problemlərlə bağlı rəsmi açıqlamalar gündəmə gəlməsə də, həm Laçın dəhlizi, həm Qarabağa qanunsuz səfərlər, həm də bölgədə erməni silahlılarının tərksilah edilməsi ortada qəti qərarların olduğunu göstərir:

“Bizim üçün əsas hədəf odur ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunsun, suverenliyimiz bütün torpaqlarımızda təmin edilsin. Yaxın günlərdə Xankəndi və ətraf rayonlarda Azərbaycanın yurisdiksiyası təmin olunacaq və üçrəngli bayrağımız hər yerdə dalğalanacaq. Son günlər Ermənistandakı revanşist qüvvələrin, Qarabağdakı separatçıların bəzilərinin uydurma bəyanatları ilə qarşı-qarşıyayıq. Müəyyən qüvvələr yenə də erməni cəmiyyətini aldatmaqla məşğuldur. Lakin istənilən halda üçtərəfli anlaşmalarda təsdiqlənmiş qərarların icrası göstərir ki, rəsmi Bakı düşmənlərin bütün təxribatlarına rəğmən, səbir və təmkinlə öz məqsədlərinə çatmaqdadır. Üçtərəfli bəyanatın bütün şərtləri qısa müddət ərzində tamamilə reallaşacaq”.