Siyavuş Novruzov həm haqlıdır, həm də haqlı deyil

Deputat 400 manat cəriməsini ödəyib, canını qurtarmalıdır


Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verdiyini açıqlasa da, bir müddət sonra fikrindən daşınıb və məhkəməyə üz tutmayacağını söyləyib. Millət vəkilinin nazirliyi məhkəmə ilə “hədələməsinə” səbəb karantin qaydalarını pozduğuna görə 400 manat cərimələnməsi olub. Deputat ilkin açıqlamasında bildirib ki, onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur: “Görünən odur ki, aidiyyəti qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki, həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur.

Yəni hara istəyir, gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq maddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”. Parlament üzvünün bəyanatına DİN-dən cavab gecikməyib. Nazirlikdən vurğulanıb ki, hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var: “Məhkəməyə vermək istəyir, buyursun versin”. Lakin qısa zaman sonra Siyavuş Novruzov nazirliyi məhkəməyə vermək niyyətindən vaz keçib. Bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı göstərdikləri fədakarlığa görə bu qərara gəlib. Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.

Parlament üzvü niyyətindən daşındığını açıqlasa da, qaldırdığı məsələ hüquqi müstəvidə müzakirələrə səbəb olub. Doğrudanmı parlament üzvləri hansısa qayda pozuntusuna görə cərimələnə bilməz? 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Tural Hüseynov “Şərq”ə açıqlamasında millət vəkilinin qanuni baxımdan haqlı olduğunu, ancaq cərimədən şikayət etmək haqqını hüquqi cəhətdən itirdiyini deyib. Ekspert ümumiyyətlə, bu məsələ ilə bağlı bəzi ziddiyyətli məqamlara da aydınlıq gətirib:

“Konstitusiyanın 148-ci maddəsində qanunvericilik sisteminə daxil olan aktların sıralaması verilib. Həmin sıralamada qanunlar Nazirlər Kabinetinin qərarlarından üstün mövqedə dayanır. Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin özü qanunlar külliyatıdır və Milli Məclis tərəfindən qəbul olunur. Azərbaycanda koronavirus pandemiyası başlayan ərəfədə xəstəliyə və qaydaları pozanlara qarşı mübarizə tədbirlərini gücləndirmək üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə dəyişiklik olundu. Mövcud qanunda nəzərdə tutulan cərimələr artırıldı. Siyavuş müəllim bunu nəzərə alaraq deyir ki, parlamentdə qəbul edilən qanunlar Nazirlər Kabinetinin qərarlarından üstündür, çünki həmin qərarları parlament qəbul edir. Deputatın bu istiqamətdə dediklərini Konstitusiyamız da təsdiq edir. Ancaq millət vəkili cərimədən dolayı inzibati qaydada məhkəməyə şikayət verməyi nəzərdə tutubsa, İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə görə, qərar verilən vaxtdan 10 gün müddətində şikayət edə bilər. Məlum toy hadisəsinin üzərindən aylar ötüb. Əgər qərar ilkin dövrdə deputata təqdim olunubsa, aylar sonra inzibati qaydada məhkəməyə şikayət mümkünsüz olacaq. Çünki qanunla nəzərdə tutulan müddət keçib”.

T.Hüseynov əlavə edib ki, Konstitusiyanın 90-cı maddəsində deputatların toxunulmazlığı öz əksini tapıb. Həmçinin, “Deputatların Statusu” Haqqında qanunun 12-ci maddəsinə əsasən, millət vəkilləri məhkəmə qaydası ilə inzibati məsuliyyətə cəlb oluna bilməz:

“Əslində, deputat statusu daşıyan şəxslərin cərimə olunmasında ziddiyyət var. Bu məsələyə aydınlıq gətirilməlidir. Xatırladım ki, karantin rejiminin tətbiqi, yaxud sərtləşdirmə haqqında verilən müvafiq qərarlarda xidməti vəsiqəsi ilə hərəkətinə icazə verilən şəxslər arasında millət vəkilləri də yer alıb. Amma nəzərə almaq lazımdır ki, ümumilikdə karantin rejiminin tətbiqi ilə bağlı qərarlarda toy, nişan kimi mərasimlərin təşkili qadağan edilib. Deməli, xüsusi statusa malik deputatlar belə qadağan olunmuş mərasimlərdə iştirak edə bilməz, etməməlidir. Karantinin sərt vaxtlarında deputatlara icazələr onların xidməti fəaliyyəti ilə əlaqədar verilib. Parlament üzvləri qərarın ümumi mahiyyətini pozmamağa çalışmalıdır”. 

Hüquqşünas qeyd edib ki, Konstitusiyanın 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, insanların hüquq və azadlıqlarının məhdudlaşdırılması müharibə, hərbi və fövqəladə vəziyyət zamanı, habelə səfərbərlik elan edilərkən mümkündür:

“Bizdə pandemiya ilə bağlı qeyd olunan vəziyyətlərdən heç biri elan olunmadı. Halbuki, pandemiya fövqəladə vəziyyətə uyğun gəlirdi. Söhbət Vətən müharibəsindən əvvəlki vaxtdan gedir”.