Şəhidin bacısı: “O gün son dəfə səsini eşitdik, sözləri...”

Yalnız buna layiq olanlar qəlblərdə taxt qura bilirlər. Həmin adamlar adətən hansısa bir amalla yaşayır və onun uğurunda hər şeydən, hətta canlarında da keçməyə hazır olurlar. Biz bunu Vətən müharibəsi dövründə aydın gördük. Minlərlə gəncimiz əlinə avtomat aldı, döyüşdü. 1998-ci il təvəllüdlü Manaf Bəhmənli də onlardan biridir. Manaf Yevlax şəhərində anadan olub və uşaqlıqdan məşəqqətlərə dözməyə məcbur qalıb.

Qəhrəmanımızın bacısı Minə xanım qardaşının şərəfli və acı taleyi barədə “Sherg.az”a danışıb:

 “Məktəb illərində öz fəallığı ilə seçilirdi. 6-cı sinifdəykən Özəl Türk Liseyinə qəbul olundu. Amma maddi imkansızlığa görə oxuya bilmədi. 8-ci sinifdə Cümşüd Naxçivanski adına hərbi liseyə qəbul olmaq istəsə də, atamız rəhmətə getdiyinə görə, arzusu ürəyində qaldı.

Doqquzuncu sinifdən etibarən işləyirdi. 2015-ci ildə BDU-nun Mexanika- Riyaziyyat fakültəsində ali təhsil almağa başladı. Tələbəlik illərində də həmişə fəal olub. Ötən ilin iyul ayında əsgərliyə yollandı.

Əvvəlcə, Gəncədə, sonra isə Daşkəsəndə xidmət etdi. İkinci Qarabağ müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qranatamyot atıcısı kimi vuruşub. Qardaşım müharibə başlayan gün, yəni sentyabrın 27-də şəhadətə qovuşdu.

Növbəti gün isə torpağa tapşırıldı. Ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif edildi.

Bizə və dostlarına qarşı həmişə diqqətcil olub. Hər kəsin dərdini öz dərdi bilib, insanlara əlindən gəldiyi qədər kömək edib. Manaf imanlı idi. Hətta xidməti dövründə də vaxtı-vaxtında namaz qılırdı. Onu da deyim ki, sonuncu dəfə ayın 25-də danışdıq.

Anam da, mən də o gün son dəfə səsini eşitdik. “Özünüzü qoruyun, məndən narahat olmayın” sözləri hələ də qulağımdadır”.