Parlamentə “pas” ötürülüb: “İcralar ləğv edilir” - Yeni model gəlir

“Büdcəyə qənaətin zəruri olduğunu nəzərə alsaq, yeni idarəetmə modeli barədə düşünə bilərik”

"Mənə qalsa, layihə forması hazırlaya bilərəm. Lakin bu, mənim işim deyil"

Milli Məclisin bu gün keçirilən iclasında Millət vəkili Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Onun fikrincə, icra hakimiyyətləri ləğv olunmalıdır. Deputat bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa yox, onlar Prezidentə hesabat verirlər: “Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik.

Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

 Digər parlament üzvü  Fazil Mustafa səslənən təklifi dəstəkləyib. Parlamentari xüsusi nümayəndəliyin yaradılmasının daha məqsədəuyğun olduğunu düşünür:

“Nisbətən gözdən düşmüş icra hakimiyyəti institutunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndəliyi institutu ilə əvəz etməliyik”- deyə, o, bildirib.



Elçibəy hakimiyyəti dönəmində icra başçısı vəzifgəsində çalışmış “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında müzakirə predmetinə belə münasibət bildirdi: 

“Parlament belə təşəbbüslə çıxış edirsə, deməli, “pas” ötürülüb. İdarəetmənin səmərəliliyinin, rentabelliyinin, həmçinin büdcəyə qənaətin zəruri olduğunu nəzərə alsaq, yeni bir idarəetmə modeli barədə düşünə bilərik.

Amma bu, saslandırılmalıdır. Hərənin bir söz deməsi ilə deyil. 

Təəssüf ki, bir neçə nəfər istisna olmaqla parlamentdəkilərin əksəriyyəti sözügedən məsələyə dair fikir söyləmək iqtidarında deyil. Ümumiyyətlə, çoxu xalqın iradəsini ifadə etmir.

Başa düşmək lazımdır ki, idarəetmə elmi əsaslı mexanizmdir. 

Mənə qalsa, layihə forması hazırlaya bilərəm. Lakin bu, mənim işim deyil. Prezident hansı formanın daha doğru olduğunu düşünürsə, elə də etməlidir.

Fikrimcə, bütün hallarda idarəetmə sistemi təkmilləşməli və yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü olmalıdır”.