Gürcüstan: “Hakimiyyət müxalifətlə kompromisə məcburdur”

“Müxalifətə hakimiyyətlə işləməyin təklif edilməsi əsas çıxış yoludur”

Gürcüstanın paytaxtı Tbilisidə "Gürcü Arzusu" partiyasının mərkəzi ofisi qarşısında etirazçılar və polis arasında qarşıdurma yaşanıb. Aksiyanın təşkilatçıları "Gürcüstan hərəkatı"nın üzvləri olub. Etirazçılar mərkəzi ofis binası yaxınlığında yerə müxtəlif sloqanlar yazıblar və bu zaman vəziyyət gərginləşib. İnsident zamanı polis iki nəfəri saxlayıb. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalmaqdadır.

Qeyd edək ki, etirazçılar komendant saatının götürülməsini və ölkədə sistemli dəyişikliklər tələb edirlər. Əlbəttə, Gürcüstanın “qaynar qazan” həddinə çatması ölkə üçün heç də yaxşı gələcək vəd etmir.


 
Bu barədə “Sherg.az”a danışan politoloq Sədrəddin Soltanın sözlərinə görə, hakimiyyət müxalifətlə kompromisə getməyə məcburdur:

“Bildiyiniz kimi, Gürcüstandakı müxalif qüvvə parlament seçkilərinə etiraz edərək, nəticələrin qeyri-obyektiv olduğunu deyirdi. Amma hakimiyyət səslənən fikirlərə məhəl qoymadı.

Ardınca “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanavşili siyasətdən getdiyini bəyan etdi. Məqsəd sabitlik yaratmaq idi.

Gürcüstan baş nazirinin istefa xəbəri də narazılıqları səngitməyə hesablanmışdı. Amma problemin belə asanlıqla həll olunacağını gözləmirəm. Parlamentin buraxılması və müxalifətə hakimiyyətlə işləməyin təklif edilməsi əsas çıxış yoludur.

Çünki müxalifət parlamentdə təmsil olunmayınca seçkilərin demokratikliyinə şübhə qalacaq. Bir sözlə, Avropa ölkəsi olmaq istəyən Gürcüstan hökumətinin narazı qüvvələrlə razılaşmaqdan başqa yolu yoxdur.

Fikrimcə, seçkilərdəki qanun pozuntuları aradan qaldırılmalı və növbədənkənar seçkilər keçirilməlidir. Polis hərbi sisteminin yaradılacağı isə ağlabatan deyil”.