Cənub Qaz Dəhlizi: 100 milyard dollardan artıq gəlir əldə edəcəyik

“Bu layihə gələcəkdə region və qitə üçün kifayət qədər əhəmiyyətlidir”


Dünən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Toplantıda Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcı, enerji sektorunda görülən işlərin zirvəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun təsdiqidir.

Ümumilikdə, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz formada çatdırılmasına geniş imkanlar açacaq. Sözügedən toplantı ötən bir ilin yekunlarının və yeni muəyyənləşdirilən prioritetlərin təqdimatıdır.



Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən millət vəkili, iqtisadçı - eksperti Vüqar Bayramov qeyd edib ki, Cənub Qaz Dəhlizi bütövlükdə Avropa qitəsi üçün vacib təşəbbüslərdən hesab olunur:

“Cənub Qaz Dəhlizinin reallaşması birabaşa cənab Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Dünən layihə müzakirə edilən zaman fərqli yanaşmalar var idi.

Məsələn, layihənin maliyyələşdirilməsi və keçəcəyi coğrafi ərazilər müzakirə predmeti idi. Cənub Qaz Dəhlizi Azərbaycan mavi qazının Türkiyə və Avropaya çatdırılmasını təmin edir.

Məşvərət Şurasının iclası illik olaraq həyata keçirilən fəaliyyətlərin müzakirəsi və sistemli şəkildə reallaşdırılması baxımından vacibdir.

İclas birbaşa Azərbaycanın rəhbərliyi ilə həyata keçirilib. Bu da ondan xəbər verir ki, Məşvərət Şurası indiyə qədər TANAP və TAP-ın inşası, mavi qazın nəqli ilə bağlı məsələlərin birbaşa və yerində müzakirə edilməsinə imkan verəcək”.

V.Bayramov qeyd edib ki, Cənub Qaz Dəhlizi illik olaraq Türkiyə bazarına 7 milyard kub metrdən artıq mavi qazın nəql edilməsini nəzərdə tutur:

“Eyni zamanda TAP kəməri vasitəsi ilə Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql ediləcək. Bütövlükdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31.5 milyard kub metrdir.

Artıq 2020-ci il dekabrın sonunda Azərbaycan mavi qazı Avropaya daxil oldu. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verəcək layihələrdən hesab olunur”.

Parlament üzvünün fikrincə, Cənub Qaz Dəhlizi Azərbaycanın coğrafi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır:

“Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə 100 milyard dollardan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır. Bu layihə gələcəkdə region və qitə üçün kifayət qədər əhəmiyyətlidir”.