Köçəryan və Sarkisyan siyasətə qayıdır: Yeni “düyünlər” yaranacaq? - ŞƏRH

Ermənistanda siyasi vəziyyət kifayət qədər xaotikdir. Biabırçı məğlubiyyət siyasi qüvvələr arasında ciddi çaxnaşma yaradıb. Keçmiş prezidentlər Rober Köçəryanla Serj Sarkisyanın böyük siyasətə qayıtmaları barədə səsləndirdikləri bəyanatlar onu deməyə əsas verir ki, siyasi boşluq yaranıb. Bir yandan isə mövcud iqtidarın əsas rəqibi Vazgen Manukyan revanşist iddialar səsləndirməkdədir. Elə isə, doğrudanmı, baş nazir Nikol Paşinyanın “siyasi vəfatı”na az qalıb? Potensial hakimiyyət çevrilişi nəticəsində nələr dəyişəcək? Bu suallar çoxlarını düşündürür.

 BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli Emənistandakı daxili vəziyyəti “Sherg.az”a qiymətləndirdi. Onun fikrincə, müxalifətin hakimiyyətə gəlməsi inandırıcı görünmür: 

“Düzdür, siyasi qüvvələr indiki vəziyyətdən istifadə etməyə çalışırlar. Amma maraqlı məqam ondan ibarətdir ki, müxalif güclər lazımi qədər tərəfdar toplaya bilmirlər. Paşinyan isə bundan məharətlə yararlanır və məğlubiyyətin səbəbkarı kimi cəmiyyəti göstərir. Məsələn, on min fərarinin olduğunu deməklə bütün günahı vətəndaşların boynuna atmağa çalışır. İkinci bir tərəfdən, Köçəryanın Kremllə əlaqələrinin olmasına rəğmən, rəsmi Moskva da onun hakimiyyətə gəlməsində maraqlı deyil. Çünki müqavilə Paşinyanla imzalanıb. Və hazırkı baş nazir devriləcəyi təqdirdə, yeni “düyünlərin” meydana çıxacağı istisna deyil. Əslində Köçəryan özü də vəziyyəti düzəldə bilməyəcəyini bilir və bunu etiraf edir. Həmçinin proseslərə Qərbin müdaxilə imkanının olmaması Paşinyanın daha bir müddət hakimiyyətdə qalacağına işarədir”.

 S.Məmmədlinin sözlərinə görə, Emənistan üçün bircə çıxış yolu var:

 “Türkiyə də israrla bildirir ki, Ermənistanın bizim tələblərimizə cavab verməsi və şərtlərimizə əməl etməsi ilk növbədə yerli cəmiyyətin inkişafına səbəb olacaq. Bunun üçün isə sərhədlər açılmalıdır. Paşinyan konstruktiv mövqe tutmaqdan başqa əlacının qalmadığını anlayır. Ən mühüm məsələ ondan ibarətdir ki, rus imperiyasınn 300 ildən artıqdır Cənubi Qafqazda həyata keçirdiyi “Ermənistan layihəsi” iflasa uğradı. Özü də 44 günə. Bundan sonra hakimiyyətə kim gəlir-gəlsin- istər Köçəryan, istər Sarkisyan, istərsə də başqası bizim üçün fərqi yoxdur. Ermənistan bir daha bərpa olunmayacaq. Sadəcə bizim üçün daha əlverişlisi Paşinyanın hakimiyyətdə qalmasıdır. Hadisələri beləcə də bitirə bilərik. Başqasının hakimiyyətə gəlməsi “suyu bulandıracaq”.

Professor, həmçinin bildirdi ki, növbəti müharibə ehtimalı o qədər də çox deyil:

“ Proseslər ziddiyətlərin çözülməsinə doğru gedir. Biz müxtəlif iqtisadi vasitələrlə düşmənə təzyiq etməkdəyik. Məsələn, Nijdenn heykəlinin götürülməsi buna misaldır. ABŞ Rusiyanı sıxışdırmaqdadır. Deməli, Kreml çox “əl- qol ata bilməyəcək”. Türkiyə isə öz nüfuzunu möhkəmləndirməkdədir. Bütün bunlardan məharətlə istifadə etsək, növbəti müharibə olmadan yarım qalan məsələləri də həll edə bilərik. Sadəcə qətiyyət göstərmək lazımdır. Rusiyanın nə isə diktə etməsinə icazə vermək olmaz. Əksinə, başa salmalıyıq ki, yerli əhali Qarabağa hələ də köçürülmədiyinə görə Moskva məsuliyyət daşıyır və günahkardır. Əgər hardasa boşluğa yol versək, ziddiyət çoxala bilər. Hərçənd, bu da o qədər təhlükəli deyil. Çünki Ermənistan daha Qaabağa əsgər göndərmir. Əksinə, biz oralarda postlar qururuq. İkincsi isə daxili vəziyyəti heç də yaxşı olmayan Rusiya nəticəsini bilmədiyi bir mübarizədə forpostuna min tonlarla humanitar yardım etməz. Bütün bunları nəzərə alaraq, diqqətli və qətiyyətli addımlar atmalıyıq. Əvvəlcə yollar açılmalı, sonra insanlar dədə-baba torpaqlarına köçməlidirlər. Belə olsa, orda bir nəfər də erməni qalmayacaq. Özləri avtomatik Qarabağı boşaldacaqlar və bir də “əli uzunluq” etməyəcəklər”.