Müstəqil medianın inkişafına təkan verilməlidir

Reklamla bağlı məsələlərə ciddi şəkildə aydınlıq gətirilməli, müəyyən mexanizmlər hazırlanmalıdır

Ekspertlər ümid edir ki, media strukturlaşması, maliyyə problemlərinin həlli, reklamla bağlı məsələlər yüksək səviyyədə həll olunacaq


Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc media sahəsindəki mövcud problemlərdən danışıb. Deputat “media lantşaft”ı layihəsinin hazırlandığını və dövlət rəhbərliyinə təqdim edildiyini söyləyib. STM sədri vurğulayıb ki, mediada reklam bazarının zəif olması, kadr korpusunun başqa sahələrə keçməsi, ixtisaslaşmanın aparılmaması və digər problemlər hamını narahat edir. Parlament üzvü 2021-ci ilin iş planında KİV-lərə əsas yer ayırdıqlarını deyib.

Millət vəkili mətbuatı zəif olan ölkənin özünü güclü saya bilmədiyini vurğulayıb: “Vətən müharibəsində gördük ki, Ali Baş Komandan informasiya savaşını 3 dildə əsas beynəlxalq auditoriyalarda və platformalarda şəxsən özü apardı. Dövlət başçımızın dünyanın fərqli teleradio kanallarına verdiyi ardıcıl, məqsədyönlü, sistemli müsahibələrilə informasiya savaşını qazana bildik. Keçmişdə bizdə tez-tez “media kapitanları” sözü işlədilirdi. O vaxt deyirdim ki, bizə informasiya müharibəsini aparmaq üçün “media generalları” lazımdır. Müharibənin gedişində hərbi reportyorlarımızın canlı döyüş səhnələrini dünyaya yaymasını, fotoqrafların və jurnalistlərin, salnaməçilərin öndə olmasını təklif edirdik. Nə yaxşı, müstəqil qələm adamlarımız o boşluğu doldurdular”. Z.Oruc bəyan edib ki, STM medianın yeni simalarını yetişdirmək üçün ardıcıl proqramların, təlimlərin, təcrübə mübadilələrinin həyata keçirilməsini təklif edir: “Bu addımları ata bilsək, 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diktəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər”. 

Ölkə mətbuatının müasir çağırışlar qarşısında olması reallığı mütəmadi gündəmə gətirilir və peşəkarlar tərəfindən müxtəlif təkliflər səsləndirilir. Lakin hesab edilir ki, medianın arzulanan yeni mərhələyə problemsiz adaptasiyası üçün vahid konsepsiya, xüsusi proqram hazırlanmalıdır. 

Məsələni "Şərq"ə dəyərləndirən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, problem illərdir gündəmə gətirilsə də, hələlik nəticə əldə etmək mümkün olmayıb. M.Ələsgərlinin sözlərinə görə, media sahəsindəki problemlər aradan qalxmalıdır:

"Artıq bir neçə illərdir ki, media olan problemlər qabardılır. Həqiqətən də, ölkədə müstəqil medianın inkişafına təkan vermək lazımdır. Amma müstəqil medianın inkişafına təkan vermək dedikdə burada reklamla bağlı məsələlərə də aydınlıq gətirilməlidir. Yəni bu məsələ artıq bir səhmana salınmalıdır. Həqiqətən də Azərbaycanda  KİV-lərin reklam dövriyyəsi heç bir standarta uyğun gəlmir. Çünki bizdən qat-qat zəif olan ölkələrdə, o cümlədən iqtisadiyyatı və büdcəsi aşağı olan dövlətlərdə reklam dövriyyəsi çox-çox yüksək rəqəmlərlə ifadə olunur. Azərbaycanda isə kifayət qədər aşağı rəqəmlərdir. Demək olar ki, yox səviyyəsindədir. Azərbaycan bu günləri inkişaf edən ölkələr sırasındadır. Büdcəmiz kifayət qədər yaxşıdır və iqtisadi inkişaf tempinə görə ən yaxşı yerləri tutur. Amma reklam dövriyyəsi ölkədəki bu iqtisadi inkişafa uyğun deyil. O baxımdan reklamla bağlı məsələlərə ciddi şəkildə aydınlıq gətirilməli, müəyyən mexanizmlər hazırlanmalıdır". 

M.Ələsgərli ixtisaslaşma məsələsinə gəlincə, qeyd edib ki, bu günləri jurnalistika sahəsində ixtisaslaşmaya çox ehtiyac var:

"Azərbaycan bölgədə söz sahibi olan bir dövlətdir. Bizim media da ona uyğun olmalıdır. İlk növbədə media Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağı bacarmalıdır. Bununla bağlı media təhsilində də ciddi şəkildə dəyişikliklər olmalıdır. Təbii ki, ilk növbədə müasir dövrün çağırışlarına cavab verməlidir. Hesab edirik ki, bu problemlərin aradan qaldırması üçün ciddi şəkildə addımlar atılacaq. Bildiyimiz kimi, bu günləri Azərbaycan da islahatlar dalğası gedir və bu medianı da əhatə edir. Bu baxımdan media strukturlaşması, maliyyə problemlərinin həlli, reklamla bağlı məsələlər yüksək səviyyədə həll olunacaq. Hesab edirik ki, bu da bizim müstəqil kütləvi informasiya vasitələrinin inkişafına mükəmməl şəkildə dəstək olacaq". 

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında istənilən halda medianın fəaliyyətinin optimallaşdırılması istiqamətində atılan hər biri addımı şəxsən dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, əgər həqiqətən də, ölkədə normal media müstəvisi qurulmasını istəyənlər varsa, o zaman  ayrı seçkiliyə son qoymalıdırlar:

"İllərdir ki, doğrudan da normal dünya standartlarına uyğun media mühitinin formalaşdırılması üçün cəfakeşlik etmişik. Hətta bir sıra təkliflər vermişik. Amma çox təəssüflər olsun ki, indiyədək ortada heç bir müsbət nəticə olmayıb. Biz ümid edirik ki, ölkədə aparılan kadr islahatları vəziyyəti dəyişəcək. Nəticədə çox sürətli dəyişikliklər baş verəcək. İnsanlara, xüsusən də medianın önündə gedən adamlara münasibət "bizimki-sizinki", "bizdən olan-bizdən olmayan" müstəvisi üzərində qurulmayacaq. Təbiidir ki, belə olmasa hörmətli dostumuz Zahid Oruc nə cür faydalı təklif versə, belə o uğursuzluğa düçar olacaq. Belə düşünürəm ki, əgər kimlərsə, həqiqətən də ölkədə normal media müstəvisi qurulmasında maraqlıdırsa, ayrıseçkiliyə son qoymalıdırlar. Medianın həqiqətən də normallaşması, özəlliklə də dünya standartlarına uyğunlaşdırılması istiqamətində uyğun adamlarla müzakirələr aparılmalıdırlar. Yoxsa ki, hərə özündən bir təkliflər paketi hazırlayacaq. Onu göndərəcək və bir müddət gündəmə gələcək, müzakirəsi gedəcək. Ondan sonra yenə də heç nə dəyişməyəcək. Nəticədə nə olacaq? Azərbaycan mediası itirəcək". 

Azər Həsrət qeyd edib ki, illərdir ki, reklam məsələsi müzakirə edilir:

"Reklam Şurası qurulması  ilə bağlı Mətbuat Şurası daxilində dəfələrlə müzakirələr keçirmişik. Dövlətə, Prezident Administrasiyasına o təklifləri göndərmişik ki, Reklam Şurası qurulsun. Qəzetlərə ümumiyyətlə, mediaya reklam ədalətli bir şəkildə bölüşdürülsün. Çünki Azərbaycanda sirr deyil ki, xüsusən də, qəzetlərimiz reklam məsələsində çox əziyyət çəkirlər. Düzdür, tanışlıqla, tapşırıqla bu sənin adamındır deyə qəzetlərə reklam verilir. Amma biz isə deyirdik ki, reklam şurası qurulsun. Türkiyədə bunun bənzəri var. Şura ədalətli bir şəkildə qəzetlərin tirajını, nüfuz dairəsini və sair nəzərə alaraq reklam bölüşdürür. Hesab edirəm ki, reklam şurası olacağı təqdirdə doğrudan da cəmiyyətə faydalı media xidməti göstərən qəzetlər normal reklam ala biləcəklər". 

“Lent.az” saytının baş redaktoru, Əməkdar jurnalist Qabil Abbasoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, mətbuatı düşdüyü vəziyyətdən çıxarmaq üçün deputat Zahid Orucun “müstəqil qələm adamları” ifadəsinin üzərində dayanmaq lazımdır. Baş redaktor bildirib ki, mətbuat nümayəndələrinin müstəqilliyi media sahəsini tənzimləməyin ən effektiv, uzunömürlü və davamlı yoludur:

“Dövlətin bu sahədə görə biləcəyi iş mətbuatın iqtisadi azadlığının təmin olunması, çap mətbuatında yayım sektorunun fəaliyyətinin optimallaşdırılması və bütövlükdə xəbər siyasətinin, yaradıcılığın çərçivəsinin genişləndirilməsidir. Jurnalistlərin fəaliyyət azadlığı qanunvericiliyə uyğun maksimum təmin olunmalıdır. Əgər bunlar öz həllini taparsa, medianın böhranlı mərhələsini adlamaq mümkündür".