Onlara yalnız faciə və fəlakət gətirəcək

Ermənilərin bundan sonra bütün təxribat cəhdlərinin qarşısı mütləq şəkildə alınacaq

Ermənistan müharibədən sonra da Qarabağda Azərbaycanın su resurslarına qarşı yenidən təxribat törətməyi planlaşdırır. Onlar Qarqarçay çayında qovşaq tikməyi planlaşdırır. Bildirilir ki, qovşağın tikilməsi Ermənistan hökuməti tərəfindən maliyyələşdiriləcək. Qeyd edək ki, müharibədən əvvəl də Ermənistan Qarabağda su resurslarının məhdudlaşdırılması üçün bir sıra təxribatlar törədib.

Mövzuya münasibət bildirən politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanın təxribatçı fəaliyyəti təkcə hərbi və siyasi istiqamətləri əhatə etmir:

"Bu ölkənin uzun müddət davam edən təcavüzkar və işğalçı siyasətinin qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz olub. Bununla yanaşı, sirr deyil ki, işğalçı ölkə ekoloji terrorla da məşğul olub. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi, Qarabağda su resurslarının məhdudlaşdırılması kimi faktlar bu reallığın bariz ifadəsidir”. 

Politoloq qeyd edib ki, Ermənistan siyasi rəhbərliyi və bu ölkədə rasional düşünməyi bacaran qüvvələr bu cür təxribatçı əməllərindən əl çəkməlidirlər:

"44 günlük müharibə zamanı Azərbaycan işğalçı Ermənistanı acınacaqlı məğlubiyyətə uğratdı. Təcavüzkar dövlət bundan sonra da əgər təxribatçı əməllər törədərsə, “dəmir yumruq”la cəzalandırılacaq. Hərbi, siyasi və ya ekoloji – bütün təxribat cəhdlərinin qarşısı mütləq şəkildə alınacaq. Hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyində və bu ölkədə rasional düşünməyi bacaran qüvvələr onlar ilk növbədə təcavüzkar iddialardan, revanş cəhdlərindən, təxribat planlarından əl çəkməlidirlər. Çünki belə addımlar bu ölkə üçün yalnız faciə və fəlakətdən başqa heç nə vəd etmir”.