Cəmiyyəti narahat edən xeyli problemlər var

Qanunların icrasına parlament də nəzarət etməlidir


“Ölkədə qanunvericilik bazası mükəmməl olsa da, qanunların icrası ilə bağlı xeyli çatışmazlıqlar var”.

Bu barədə “Şərq”ə açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, cəmiyyətdə qanunların icrası qənaətbəxş deyil, bu da ciddi problemlərə gətirib çıxarır: “Qəbul edilən qanunların icrasına ciddi nəzarət mexanizmləri qurulmalıdır.

Nəzarət prosesi standartların müəyyən olunmasını, faktiki əldə olunmuş nəticələrin qiymətləndirilməsini və zəruri halda təyin edilmiş standartlara düzəlişlər edilməsini əks etdirir. Bütün sahələr üzrə yüksək səviyyəli qanunların qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu görürük. Bu istiqamətdə qanunların  icrasına məsuliyyət daşıyan qurumlarla müzakirələrin aparılmasına ciddi ehtiyac var. Çalışmalıyıq ki, qəbul etdiyimiz qanun layihələri yüksək səviyyədə həyata keçsin”. 

Parlament üzvü təklif edib ki, Milli Məclisə qanunların icrasına nəzarət funksiyaları verilməlidir:

“Milli Məclisin Komitələri öz sahələrinə aid olan qanunların hansı səviyyədə icra olunmalarına, ümumiyyətlə, işləyib-işləmədiyinə ciddi nəzarət etməlidilər. Parlamentin deputatları düzgün icra olunmayan qanunlar haqqında daim məsələ qaldırmalıdırlar. Komitələr və deputatlar qanunlardakı ziddiyyətləri hər zaman müzakirə etməlidirlər. Müəyyənləşməlidir ki, hansı qanunlar daha çox pozulur və qanun pozuntuları hansı səbəbdən yaranır. Dünya təcrübəsində də parlamentin nəzarət funksiyasından istifadə olunur. ABŞ-da Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Parlamentin nəzarət funksiyası deputatların və vətəndaşların qurumlarla olan münasibətini də tənzimləyəcək.

Milli Məclis sırf qərar verməyəcək, qanunların icrasına da nəzarət edəcək. Bununla qanunların işləkliyi daha da artacaq”.