Suriya, İraqda döyüşən azərbaycanlılar geri qaytarılacaq


Mahmud Hacıyev: "Onların hamısı bilir ki, cinayət tərkibli əməllər törədiblər və Azərbaycana gəlsələr, azadlıqdan məhrum ediləcəklər"


Suriya və İraqa döyüşmək üçün gedən azərbaycanlıların qaytarılması gözlənilir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib: “Onların geri qaytarılması məsələsi ilə aidiyyəti qurumlar məşğuldurlar”.
Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bununla bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir.

M.Qurbanlı onu da qeyd edib ki, Suriyaya, İraqa döyüşməyə gedənlər üç qrupa bölünür: müəyyən maddi şirnikləndirməyə inananlar, macəra axtarışında olanlar və orda baş verənlərin, təəssüf ki, cihad olduğuna inananlar.

Sözügedən şəxslərin geri qayıdacağına inanmadığını deyən sabiq polis rəisi Mahmud Hacıyev “Şərq”ə bildirib ki, müvafiq qurumlar bu sahədə iş görsələr də, həmin döyüşçülər ölkəyə gəlməyəcəklər:

“Həmin şəxslər geri qayıtmaq istəməsələr, aidiyyəti qurumlar nə edəcək? Ona görə də bu prosesin hüquqi qüvvəsi yoxdur. Bir var ki, həmin şəxslərdən kimsə könüllü şəkildə geri qayıtsın. Lakin inanmıram ki, belə bir hal baş versin. Çünki onların hamısı bilir ki, cinayət tərkibli əməllər törədiblər və Azərbaycana gəlsələr, azadlıqdan məhrum ediləcəklər”. 

M.Hacıyev qeyd edib ki, Suriya və İraqda döyüşən azərbaycanlılar bir halda geri qaytarıla bilər:

“Məsələn, həmin insanlar getdikləri ölkələrdə cinayət əməli törədib, həbs ediliblərsə. Bu zaman iki dövlət arasında hüquqi müqavilə varsa, danışıqlar gedə bilər. Müəyyən qurumların  məsələ ilə məşğul olması absurddur. İnanmıram ki, kimsə könüllü olaraq qayıdıb özünü 20 il azadlıqdan məhrum etsin”.