Baydenin Moskvaya qarşı daha sərt addımlar atacağı gözləniləndir - Politoloq  

"Çünki Moskva özünü həm aqressor, həm də qeyri demokratik ölkə kimi aparır”

Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində ABŞ-la münasibətlərdən danışıb. Lavrov bildirib ki, Co Baydenin dövründə Amerika və Rusiyanın mövcud problemlərlə bağlı razılığa gəlməsi çətindir: “Lakin dialoqu davam etdirmək lazımdır”. XİN başçısı ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var. Bəli, bu problemlərin bir çoxu barədə çətin ki, razılığa gələk. Lakin məlumdur ki, strateji sabitliklə bağlı dialoqu davam etdirməyin vacibliyi qaçılmazdır”.

İki ölkənin münasibəti ilə bağlı “Sherg.az”a danışan politoloq Azər Qasımov deyib ki, ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı daha sərt siyasət yürüdəcəyi seçki kampaniyası dövründən bəlli idi. 

Analitikin sözlərinə görə, bu, demokratların Rusiyaya olan ənənəvi siyasətidir və  bunun üçün əllərində kifayət qədər əsaslar var: 

“Trampın əvvəlki seçki kampaniyasına Rusiyanın müdaxilə etməsi ilə bağlı ittihamlar hələ səngiməyib. Ümumiyyətlə, ABŞ və Rusiya dünyanın hegemon dövlətləri kimi hər zaman gərgin əlaqələrə malik olublar. Xüsusən, Rusiyanın özünü SSRİ-nin varisi sayması Qərb ölkəsi ilə münasibətləri gərgin saxlayıb. Bu gərginlik açıq və gizli formada daima davam edir. Tərəflər zaman-zaman problemləri həll etmək bir araya gəliblər. Hətta bir neçə görüş Bakıda keçirilib. Lakin nəticələr müsbət olmayıb. Çünki tərəflər arasındakı gərginliyin səbəbləri müxtəlifdir. Burada tarixi ənənələr və demokratik cəmiyyət ideyalarından tutmuş siyasi kursa qədər fərqli səbəblər rol oynayır. Demokratların nümayəndəsi Co Bayden neoqloballaşma ideyalarının daşıyıcıları kimi amerikan demokratiyasını iqtisadi və hərbi gücün hesabına rəqib ölkələrin cəmiyyətlərində yaymaq niyyəti güdür. Bu, Amerikanın maraqlarını bütün dünyaya yaymağa hesablanmış “siyasi doktrinadır”. O baxımdan Baydenin Moskvaya qarşı daha sərt addımlar atacağı gözləniləndir. Çünki Moskva özünü həm aqressor, həm də qeyri demokratik ölkə kimi aparır”. 

A.Qasımov hesab edir ki, ABŞ-Rusiya qarşıdurmasının Cənubi Qafqazdakı proseslərə təsir göstərib-göstərməyəcəyi Ermənistanın rolundan asılıdır: 

“Qərbpərəst Paşinyanın hakimiyyətdə qalması bunu şərtləndirəcək. Müharibədən sonra Ermənistanın müharibədən sonra daha qətiyyətli qərbyönlü siyasət yürüdəcəyi fikrindəyəm. Ancaq Amerika-Rusiya gərginliyinin Azərbaycan üçün hansısa problem yaradacağı fikrində deyiləm. Azərbaycan formalaşmaqda olan yeni siyasi güc mərkəzinin vacib halqasıdır və regionda stabillik, iqtisadi əlaqələr, enerji daşıyıcıları, komunikasiya və tranzit məsələsi kimi vacib faktorlara öz töhvəsini verə biləcək ölkədir. Bu baxımdan Azərbaycanın stabilliyi hər kəs üçün vacibdir”.