“Nəqliyyat sistemində xərclərlə bağlı hesabatlılıq təmin edilir”

“Bu məqsədlə də qeyd edilən 4 təsərrüfat sistemlərinə nəzarəti İnvestisiya  Holdinqinə verirlər”


Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Qeyd olunan 4 qurumun fəaliyyəti ilə bağlı müəyyən neqativ məqamlar var. Müxtəlif tədbirlərin görülməsinə baxmayaraq mövcud problemlər aradan qalxmır. Bu baxımdan həmin qurumların fəaliyyətinə nəzarət artıq İnvestisiya Holdinqin nəzarətinə verilib. Məhz bundan sonra müsbət nəticələrin əldə olunacağı gözlənilir.



Prezidentin sərəncamını “Sherg.az”a dəyərləndirən Vətəndaşların Əmək Liqasının sədri  Sahib Məmmədov belə bir qərarın gözlənilən olduğunu bildirib:

“Artıq İnvestisiya Holdinqinin nizamnaməsi təsdiq olunub. Holdinq dövlətin tabeliyində olan təsərrüfat subyektlərinin vahid idarəetməsini həyata keçirmək və həmin qurumlardan hesabatlar qəbul etmək məqsədilə yaradılıb. Məsələn, dövlət BNA-ya  avtobuslar alır, hər il dotasiya verir. Lakin bu sahədə neqativliklər aradan qalxmır. Adı çəkilən 4 qurum dövlətdən əhəmiyyətli dərəcədə pullar alır. Belə olan halda çəkilən xərclərin idarəsi ilə bağlı hesabatlılığı təmin etmək üçün vahid sistem tətbiq etmək lazımdır. Bu məqsədlə də qeyd edilən 4 təsərrüfat sistemlərinə nəzarəti İnvestisiya  Holdinqinə verirlər”.