Hərbi xidmət müddətinin artırılması gözlənilmir

Ekspert də vurğulayır ki, hansısa qanunvericilik aktlarında dəyişiklik edilməyəcək


Bu gün ordu sıralarında qulluq etmək hər bir azərbaycanlı gənc üçün şərəfdir. Ümumiyyətlə, Azərbaycanda ordudan yayınma halları, demək olar ki, yoxdur. Hazırda ölkəmizdə orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsilli şəxslər isə 1 il müddətində hərbidə xidmət edirlər. Bəs, bu müddətin artırılmasına zərurət varmı? Hazırkı müddət gənclərimizin hərbi biliklərə yiyələnməsinə kifayət edirmi?

Suallarımızı cavablandıran hərbi-ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, hazırkı dövrdə həqiqi hərbi xidmət müddəti Azərbaycan reallığında mümkün təhdidlərin qarşısının alınması üçün optimal bir müddətə malikdir. Hərbi-ekspert qeyd edib ki, yəni bu müddətin artırılması üçün heç bir hərbi-siyasi sifariş mövcud deyil:

"Əksinə, Azərbaycan  Ordusu önündə duran ən mühüm vəzifələrindən birini  44 gün ərzində artıq icra edib. Bu, o demək deyil ki, vəzifələrimizin hamısı artıq yerinə yetirilib. Çünki digər vəzifələr, məsələn, azad olunan ərazilərdə təhlükəsizliyin təminatı, onların yerləşdirilməsi, həm İranla, həm də Ermənistanla sərhədlərin möhkəmləndirilməsi, sərhəd xəttinin qurulması, zastavaların inşası və s. istiqamətində hələ də silahlı qüvvələrimizin qarşısında icrası davam edən böyük vəzifələr durur.  Bunlar da aktiv yerinə yetirilməkdədir".

Ə.Verdiyev düşünmür ki, hazırda Azərbaycanda hərbi müddətin artırılması üçün hansısa addımlarda, hansısa qanunvericilik aktlarında dəyişiklik edilsin:

"Bilirsiniz ki, əksinə olaraq Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində addımlarını artıracaq, o cümlədən ordunu kompakt, lakin keyfiyyət göstəricilərini daha üst səviyyəyə çıxarmaq üçün çalışacaq. Bu addımlar peşəkar ordu yaradıcılığının bir hissəsi olacaq". 

Hərbi biliklərə yiyələnməyə gəldikdə isə, ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrində döyüş hazırlıq səviyyəsini təyin edən vəzifələrə həqiqi hərbi xidmətə çağırılan əsgərlər əvəzinə müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin edilir:

"Bu isə peşəkarlıq baxımından Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək üçün kifayət edir".