Koçaryanın hər yerdə tərəfdarları var

Erməni döyüşçülərin meydana çıxması Paşinyana başağrısı olacaq

Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin etiraz aksiyası keçirilib. Etirazçılar hərbi biletlərin onlara bugünədək qaytarılmadığını bildirib.

Etirazçıların bir qrupu isə hərbi biletlərdə onların döyüşlərdə iştirak etməsinin qeyd olunmadığını bildirib. Onlar döyüşlərlə əlaqədar hər hansı bir təzminat almadıqlarını deyib.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti bu ölkədə hərbiçilərə qarşı mənfi siyasətin formalaşmasına gətirib çıxarıb. Politoloqun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi tamamilə fiaskoya uğrayıb:

"Hesab edirəm ki, döyüşdə iştirak edən hərbiçilərin hərbi biletinin verilməməsi və onlara qarşı saymazlıq yeni siyasi problemlerə gətirib çıxara bilər. Çünki əhalinin böyük hissəsi bu və ya digər formada Qarabağ müharibəsinə cəlb olunub. Onlar iqtidara qarşı aksiyalara keçə bilər". 

M.Əsədullazadə əlavə edib ki, hərbiçilər daima Ermənistan siyasətinə təsir edən qüvvə olub:

"Hesab edirəm ki, hazırkı situasiyada döyüşmüş hərbiçilər meydana çıxarsa, bu, Paşinyan üçün başağrısı olacaq. Ola bilər ki, Müdafiə Nazirliyində Koçaryan tərəfdarları var. Onlar qəsdən hərbiçiləri incidir və nəticədə Paşinyana qarşı etirazın formalaşmasına stimul verir. Düşünürəm ki, Paşinyan bu məsələnin öhdəsindən gələ bilər".