Sabir Rüstəmxanlı alternativsiz seçildi

VHP-də gender bərabərliyi gözlənilib

Partiyanın 7 rayon təşkilatının sədri qadındır


Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn formada keçirilən VIII qurultayda partiyanın fəaliyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Daha sonra seçkilər keçirilib və millət vəkili Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qurultayla bağlı “Şərq”ə danışan VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, VII qurultayın səlahiyyət müddəti 2020-ci ilin noyabr ayında başa çatıb. Partiya təmsilçisinin sözlərinə görə, Siyasi Şuranın qərarına uyğun olaraq qurultayın və rayon təşkilatlarının konfranslarının onlayn qaydada keçirilməsi ilə bağlı qərar qəbul edilib:

“VHP-nin 74 bölgə təşkilatının “Zoom” proqramı vasitəsi ilə konfranslarını keçirtdik. Qurultaya 425 nəfər nümayəndə seçilmişdi və 74 təşkilatdan 395 nəfər onlayn qaydada iclasa qoşuldu. Həmçinin, partiyanın Siyasi Şurasının üzvləri, eyni zamanda işçi heyəti – katiblik, mandat, say və redaksiya komissiyaları və digər texniki heyət üzvləri internet imkanlarından istifadə edərək qurultayda iştirak etdilər. Hər hansı texniki problem yaşamadıq. Sadəcə bir-iki rayonda qısamüddətli işıqlar sönsə də, tezliklə bərpa olundu.

Qurultay açıq səsvermə ilə keçirildi. Çıxış edən nümayəndələr onları narahat edən problemlərdən danışdılar, müəyyən iradlarını səsləndirdilər, təkliflərini bildirdilər. Yəni hamı açıq formada öz düşüncəsini ifadə etdi. Qarşıdakı günlərdə bu məsələlərin müzakirəsi aparılacaq və fəaliyyət istiqamətlərimiz müəyyənləşəcək”.

S.Əsədli bildirib ki, qurultayda sədrliyə yeganə namizəd Sabir Rüstəmxanlı idi:

“Vətəndaş Həmrəylik Partiyasında təşkilatı idarə etmək üçün kifayət qədər peşəkar kadrlar var. Amma hamımızın ümumi rəyi belə oldu ki, partiyamızın sədri postuna alternativsiz olaraq Sabir Rüstəmxanlının namizədliyini sürək. Əlbəttə, kim istəsə sədrliyə namizədliyini verə bilərdi. Belə bir ifadə var, deyirlər - “General olmaq istəməyən əsgər yoxdur”.

Ancaq indiki mərhələdə başqa namizəd çıxmadı. Sabir bəyin namizədliyi mənim tərəfimdən irəli sürüldü və 395 qurultay iştirakçısının yekdil rəyi ilə partiyaya sədr seçildi. Bundan əlavə 115 nəfər partiyanın Ali Məclisinə, 7 nəfər isə Mərkəzi Nəzarət Komissiyasına üzv seçildi”. 

Partiya funksioneri əlavə edib ki, VHP-də hər zaman gənclərin partiya strukturlarına və rəhbər heyətə çəkilməsi istiqamətində mühüm addımlar atılıb:

“Partiyamızın Ali Məclis üzvlərinin yarıya qədəri gənclərdir. Rayon təşkilat sədrlərimizin əksəriyyətinin yaşı 25-30 arasıdır. Hətta 20 yaşlı təşkilat rəhbərimiz də var.

Ən qocaman təşkilat sədrimizin yaşı isə 72-dir. VHP-nin təxminən 7 rayon təşkilatının sədri qadındır. Partiyamızın idarəetməsində 27 nəfər etnik xalqların nümayəndəsi də təmsil olunur.

Qaxın təşkilat sədri Zaza Poladaşvili milliyətcə gürcüdür və xristian dininə mənsubdur. Ali Məclis üzvlərimiz arasında Azərbaycan vətəndaşı olan rus əsilli qadın var. Həmçinin, rayon təşkilatlarımızın sədrləri arasında bir neçə tat, talış və kürdlər də yer alır. 3 rayon təşkilatımızın sədri kürddür.

Partiyanın fəaliyyətində Azərbaycanda yaşayan və təşkilat üzvü olan hər xalqın nümayəndəsinin iştirakı təmin olunub, gender bərabərliyi gözlənilib. Əsasən də gənclər önə çəkilib”.